“Trampın hakimiyyəti dövründə dünyada aktiv savaşların səngiyəcəyi gözlənilir” - ŞƏRH
“Trampın hakimiyyətə gəlməsi dünya ölkələri üçün Amerikanın siyasi xəttində yeniliklər deməkdir. Yəni, Tramp hələ prezident seçilməmişdən əvvəl, seçki təbliğatı dövründə də qeyd edirdi ki, onun növbəti prezidentliyi dövründə respublikaçıların siyasətinə yanaşması ənənəvi Amerika siyasətindən fərqli olacaq”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, Tramp USAİD-in işinə nəzarəti həyata keçirdi və bu təşkilat elə Amerikanın özü tərəfindən ifşa olunmağa başlandı: “Daha sonra Tramp dünyada aktiv döyüş əməliyyatlarının dayandırılmasını istəyir. Faktiki olaraq Trampa da bəllidir ki, Rusiya-Ukrayna müharibəsində indiki mərhələdə silahlar yerə qoyula bilər. Amma bu geniş mənada sülh demək deyil. Çünki Ukrayna torpaqları yenə də işğal altında qalır və bu qeyri-müəyyən bir zamanda yenidən iki ölkə arasında konfliktin yaranması deməkdir. Tramp ilkin mərhələdə hakimiyyətdə olduğu müddətdə istər Rusiya-Ukrayna, istərsə də Yaxın Şərq cəbhəsində silahların işə düşməsini istəmir. Çünki başa düşür ki, hər bir müharibədə ABŞ-dan gözləntilər çoxalır. İstənilən halda Trampın hakimiyyəti dövründə dünyada aktiv savaşların səngiyəcəyi gözlənilir”.






