media-inshot_20260209_225516963

ABŞ vitse-prezidenti Devid Vensin regiona səfəri diplomatik və strateji əhəmiyyət kəsb edir. O, 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində isə Azərbaycana səfər edəcək. Bu səfər həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından vacib sayılır.

Bu səfərlə bağlı deputat Bəhruz Məhərrəmov Patrul.az-a öz fikirlərini bölüşüb.

Deputat bildirir ki, ABŞ-Azərbaycan münasibətləri Donald Tramp dövründə Azərbaycanın hərbi-siyasi uğurlarının qəbul edilməsi və praqmatik yanaşma fonunda yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur:

“Məlumdur ki, Donald Trampın hakimiyyətə gəlişi ilə Demokratlar hakimiyyəti dövründə sıfırlanmış ABŞ-Azərbaycan münasibətləri özünün yeni mərhələsinə qədəm qoymuş, xüsusən 8 avqust təmaslarının ardınca Azərbaycanın hərbi-siyasi zəfərləri ilə yaratdığı yeni reallıqların Vaşinqtondan qəbul olunması fonunda ölkələrimiz arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə start verilmişdir. Ötən dövr ərzində ABŞ-nin Prezidenti Donald Trampın dəfələrlə sosial media hesabında və beynəlxalq platformalardakı çıxışlarında Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev haqqında müsbət fikirlərini açıq formada ifadə etməsi ölkəmizin qlobal aktor rolunun göstəricisi olmaqla bərabər, həm də ABŞ-nin Cənubi Qafqazda və bütövlükdə regionda maraqlarının yalnız Azərbaycanla bərabərhüquqlu əməkdaşlıqdan keçəcəyini anlamasını göstərmiş oldu. Sirr deyil ki, uzun bir dövr ərzində Azərbaycan ərazilərinin işğala və təcavüzə məruz qalması fonunda ölkəmizin üzərində mümkün təsir rıçaqlarının mövcudluğu şəraitində Vaşinqtonun bölgəmizə baxışı indikindən xeyli fərqli olub. Lakin Prezident İlham Əliyevin rəhbərliyi altında bölgədə yeni geosiyasi konfiqurasiyanın yaranması ilə, o cümlədən Demokratlar hakimiyyətindən fərqli olaraq Respublikaçıların proseslərə daha praqmatik baxış rakursu müəyyən edə bilməsi fonunda əlaqələrin yeni tələblərə uyğunlaşdırılması sahəsində görüləcək xeyli iş var”.

media-inshot_20260209_224436450

Deputat qeyd edir ki, avqustun 8-dən sonra Azərbaycan və ABŞ strateji tərəfdaşlığı yüksəltmək və regiondakı layihələrdə əməkdaşlığı genişləndirmək istiqamətində ciddi addımlar atır:

“Bildiyimiz kimi, avqust ayının 8-dən etibarən Azərbaycan və ABŞ arasında imzalanan bəyanata müvafiq olaraq tərəfdaşlığın strateji səviyyəyə yüksəldilməsi istiqamətində aidiyyəti komissiyalar iş aparır, eyni zamanda Cənubi Qafqazda kommunikasiya və infrastruktur layihələri ilə bağlı ABŞ-nin maraqlarının yeni geosiyasi şəraitə uyğun formada təmin edilməsi və əməkdaşlıq istiqamətlərinin miqyasının genişləndirilməsi istiqamətində ciddi prioritetlər mövcuddur. ABŞ-nin vitse-prezidentinin regiona səfəri də ilk növbədə məhz bu faktorlar çərçivəsində şərh olunmalı, əlaqələrin yeni mərhələyə daşınmasına start verilməsi istiqamətində göstərilən səylərə Vaşinqtonun verdiyi önəmin göstəricisi hesab olunmalıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər