media-inshot_20260306_103453776

ABŞ Prezidenti Donald Trampın İrana “silahlarınızı yerə qoyun” mesajına Tehrandan cavab verilib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Əli Məhəmməd Naeini uzunmüddətli müharibəyə hazır olduqlarını, döyüş meydanında hələ aktiv şəkildə istifadə olunmayan yeni nəsil silahları yerləşdirəcəklərini bildirib:

“İranın yeni təşəbbüsləri və silahları yoldadır. Bu texnologiyalar hələ cəbhəyə geniş miqyasda yerləşdirilməyib. Düşmən qarşıdan gələn hər əməliyyat dalğasında ağrılı zərbələr almağa hazır olmalıdır”, – deyə o vurğulayıb.

O, ABŞ-yə daha bir təhdid xarakterli mesaj da ötürüb:

“İran “Əsl Vəd 4” əməliyyatı çərçivəsində həyata keçirdiyi hücumlarda həqiqi imkanlarının yalnız kiçik bir hissəsindən istifadə edib”.

Xatırladaq ki, Donald Tramp İranda hərbçiləri silahlarını yerə qoymağa çağırmışdı. O, təslim olan İran hüquq-mühafizə orqanlarının əməkdaşlarına toxunmayacağını bildirmişdi:

“Sizə toxunulmazlıq verəcəyik və tarixin doğru tərəfində olmağınıza imkan verəcəyik. Məhz belə olmalıdır. Tam toxunulmazlıqla təhlükəsiz olacaqsınız, əks halda qaçılmaz ölümlə üzləşəcəksiniz”.

Tramp həmçinin İran xalqını da hakimiyyəti devirməyə çağırmışdı:

“İndi İran xalqının ayağa qalxıb ölkənizi geri almağa kömək etməsinin vaxtıdır”, – deyə ABŞ Prezidenti əlavə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər