“Türk xalqı etdiyi köməklər üçün Azərbaycan xalqına və dövlətinə minnətdardır” – SABİQ SƏFİR
“Qardaş ölkə Azərbaycan Türkiyədə meydana gələn təbii fəlakətlər nəticəsində köməyə qaçan ilk dövlətdir. İki il öncə meydana gələn əsrin fəlakətindən sonra Türkiyəyə kömək edən ilk ölkə məhz Azərbaycan olmuşdur. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırığı ilə ilk xilasedicilər məhz Azərbaycandan gəlmiş və çox sayda insanı dağıntılar altından qurtarmışdır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O bildirib ki, Türkiyədə baş tutan zəlzələdən sonra başda Azərbaycan dövləti olmaqla, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva lazım olan tibbi ləvazimat, çadır və digər ehtiyacları göndərmişdir: “Eyni zamanda Azərbaycan xalqı böyük yardım kampaniyası başladaraq minlərlə ton yardım ləvazimatını Türkiyəyə göndərmişdir.
Zəlzələnin mərkəzi Kahramanmaraş olmuş və ətraf ərazilərdə də çox böyük fəsadlarla nəticələnmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Kahramanmaraşda 1100 evdən ibarət olacaq şəhərcik salmaq qərarı aldı. Bu şəhərciyin tikinti prosesi hazırda bitmək üzrədir.
Türk xalqı etdiyi köməklər üçün Azərbaycan xalqına və dövlətinə minnətdardır. Bu zəlzələ nəticəsində iki qardaş ölkə biri-birilə daha da bütünləşmişdir”.






