Türkiyədə polis idarəsinə silahlı hücum edən yeniyetmədən şok açıqlama: "Hədəfim ora deyildi"
İzmirin Balçova rayonunda polis idarəsinə silahlı hücum edərək iki polisin həyatına son qoyan 16 yaşlı Eren Bingülün ifadəsi məlum olub.
Patrulaz.az “Sondakika.com”a istinadən xəbər verir ki, yeniyetmə ifadəsində əsl hədəfinin polis bölməsi olmadığını, son anda fikrini dəyişdiyini bildirib.
Məlumata görə, o, əvvəlcə İzmir yarmarkasına, o cümlədən bara hücum etməyi planlaşdırıb, lakin daha sonra fikrini dəyişərək evinə yaxın ərazidə yerləşən polis bölməsinə hücum edib.
İstintaq çərçivəsində aparılan araşdırmalar zamanı onun sosial media hesabında İŞİD terror təşkilatının fəaliyyətləri ilə bağlı məzmun da aşkarlanıb. O, həmçinin İŞİD-in fəaliyyətlərini internetdə izlədiyini və təşkilatın liderlərindən Əbu Bəkr əl-Bağdadinin çıxışlarını dinlədiyini etiraf edib.
Bingül ifadəsində gənc yaşlarından silaha maraq göstərdiyini də qeyd edib:
“Silahla ilk təmasım 7 yaşımda olub. Atamla birlikdə pnevmatik tüfənglə butulkaları nişan alırdıq. Daha sonra silah kurslarına gedərək poliqonda atəş açmışam. Silaha həmişə marağım olub”.
Hücumçu hadisə günü evdən necə çıxdığını da təsvir edib. O, toqquşma zamanı əldəqayırma partlayıcı atdığını deyib və tutduğu əməldən peşmançılıq keçirdiyini də bildirib:
“Atam oyanmasın deyə evdən çıxdım. Bir neçə dəqiqə mənzildə gözlədikdən sonra geri dönməyəcəyimi anladım. Polis bölməsinə getdim və bağçada polisləri güllələdim. Təəssüf edirəm, deyə biləcəyim budur”.
Yeniyetmə, həmçinin qarşıdurma zamanı güllələndiyini və atəş açarkən şüurlu hərəkət etmədiyini bildirib.
Xatırladaq ki, sentyabrın 8-də Balçovada 16 yaşlı lisey şagirdi Eren Bingülün polis bölməsinə pompalı ov tüfəngi ilə hücumu nəticəsində polis müfəttişi Muhsin Aydemir və digər polis məmuru Həsən Akın həlak olub.
Hadisə ilə bağlı ümumilikdə 27 nəfər şübhəli saxlanılıb. Eren Bingül və atası Nuhver Bingül də daxil olmaqla qalan 11 nəfər şübhəli, o cümlədən iranlı milli Khalegh Nooriborojerdi, suriyalı Mahmud Alqatı, Cuma Tabbas, Fıras Seyid Abdurrahman və Muhammed Elhazzam həbs edilib. Biri uşaq olmaqla, daha 4 nəfər isə şərti olaraq azadlığa buraxılıb.
Gülbəniz Səfərova






