media-inshot_20250612_141400068

Alimlər planetlərin yaranma prosesini əks etdirən nadir və aydın görüntülər əldə ediblər.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, Avropa Cənub Rəsədxanasının Çox Böyük Teleskopu (VLT) vasitəsilə “RIK 113” adlı ulduzun ətrafında planetlərin ilkin mərhələdə formalaşdığı protoplanetar disk müşahidə olunub.

2025-ci il iyunun 9-da əldə edilən yüksək dəqiqlikli görüntülərdə Əqrəb bürcündə Yerdən təxminən 431 işıq ili uzaqlıqda yerləşən RIK 113 ulduzu ətrafında qaz və toz buludlarından ibarət disk strukturu görünür. Alimlərin fikrincə, bu maddə qatları zamanla sıxlaşaraq protoplanetlərə, yəni yeni formalaşan planetlərin ilkin versiyalarına çevrilə bilər.

Məlumata görə, bu ulduzla bağlı ilkin müşahidələr 2024-cü ildə Atacama Böyük Millimetr/Millimetraltı Massivi (ALMA) vasitəsilə aparılıb. Həmin tədqiqatlar nəticəsində diskdə yaranan və formalaşmaqda olan planetlərin təsiri ilə əmələ gəlmiş boşluqlar müəyyən edilib.

“Biz bu diskin içindəki strukturları yüksək dəqiqliklə müşahidə edə bildik və mümkün planetlərin mövcudluğuna dair ilkin siqnallar aşkar etdik”, – deyə tədqiqatçılar bildiriblər.

Alimlər bu nəticəyə VLT teleskopuna quraşdırılmış SPHERE (Spectro-Polarimetrik Yüksək Kontrastlı Ekzoplanet Tədqiqatı) adlı xüsusi cihaz vasitəsilə gəliblər. “SPHERE” aləti ulduzun parlaq işığını bloklayaraq ətrafındakı zəif işıqlı obyektlərin, məsələn, yeni yaranan planetlərin görünməsini təmin edir.

Tədqiqatçılar bu texnologiyanın köməyi ilə iki formalaşmaqda olan planet aşkarlayıblar. Həmin obyektlərin “RIK 113” ulduzunun ətrafında dövr edən və hələ tam formalaşmamış planetlər olduğu ehtimal edilir.

Bu kəşf yalnız bir ulduz sisteminə dair məlumat vermir. O, planetlərin necə və harada əmələ gəldiyini anlamağa imkan yaradan əhəmiyyətli elmi tapıntıdır. Belə müşahidələr vasitəsilə alimlər digər ulduz sistemlərini də araşdıra və kainatda planetlərin yaranma prosesini daha dərindən anlaya bilirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər