Ürək tutması yoluxucu ola bilər - Alimlərdən yeni kəşf
Ürək tutması uzun illər boyu daha çox xolesterol, siqaret, qeyri-sağlam qidalanma və yüksək təzyiqin nəticəsi kimi qəbul edilib. İnsanların əksəriyyəti infarktı yalnız bu risk faktorları ilə əlaqələndirir. Ancaq son illərin elmi araşdırmaları göstərir ki, məsələ düşündüyümüzdən də mürəkkəbdir.
Patrulaz.az xəbər verir ki, infarktla bağlı Finlandiyanın Tampere və Oulu universitetləri, həmçinin Oksford Universitetinin alimləri apardıqları birgə araşdırmada yeni faktlar ortaya çıxarıblar.
Alimlərin araşdırması nəticəsində infarktın yoluxucu xəstəlik olduğu müəyyən edilib. Bu, kardiologiya elmində uzun müddətdir gözlənilən, lakin sübut olunmamış ehtimallardan birinə işıq salır.
Məlum olub ki, koronar arteriyalarda yığılan xolesterol lövhələrinin içində “bakterial biofilmlər” gizlənə bilir. Bu strukturlar immun sistemdən qorunaraq illərlə damarlarda qalır, lakin virus infeksiyası və ya başqa faktor təsir etdikdə aktivləşərək lövhəni qoparır və damarın tıxanmasına səbəb olur.
Araşdırmaya rəhbərlik edən professor Pekka Karhunen bildirib ki, onlar aterosklerotik lövhələrdə ağız boşluğuna aid bakteriyaların genetik izlərini aşkar ediblər. Alimlər hətta “biofilmləri” aşkarlamaq üçün xüsusi antikor hazırlayıblar.
Mütəxəssislərin fikrincə, bu kəşf gələcəkdə infarktın qarşısını yeni diaqnostik üsullar və hətta peyvəndlə almağa imkan yarada bilər. Alimlərin sözlərinə görə, sinə ağrısı, güclü tərləmə, başgicəllənmə, nəfəs darlığı, hətta bəzən sadəcə öskürək və ya hırıltı – bunların hamısı infarktın xəbərçisi ola bilər. Belə simptomlar yarandıqda, vaxt itirmədən həkimə müraciət etmək həyatı xilas edə bilər.






