“USAİD ABŞ-ın xarici siyasi strategiyasının ən təsirli aləti rolunda çıxış edir” – POLİTOLOQ
“USAİD-in yaradılmasının əsas motivi ABŞ-ın ayrı-ayrı ölkələrdə əlavə təzyiq formalaşdırmasıdır. 1961-ci ildə yaradılmış USAİD ABŞ-ın xarici dəstəyini koordinasiya edən əsas qurumdur. Hər il milyard dollarla vəsait başqa ölkələrdə QHT, KİV sahəsi və digər müxtəlif istiqamətlərə yönləndirilir. Əslində sözügedən agentlik ölkələrdə kənd təsərrüfatının inkişafına dəstək olmalıdır, ABŞ-ın xarici siyasi strategiyasının ən təsirli aləti rolunda çıxış edir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, əsas məqsəd ayrı-ayrı ölkələrin daxili işinə qarışmağı formalaşdırmaq olub: “Bu imkanların formalaşdırılması istiqamətində QHT, KİV-lər yaradıb, onları maliyyələşdiriblər. USAİD-in maliyyəsi ilə fəaliyyət göstərən QHT və KİV-lər onların maraqlarına xidmət edir və biz bunu Gürcüstanda da gördük.
USAİD müxtəlif ölkələrdə qırmızı inqilabların təşkilatçısı olan agentlikdir və 100-dən artıq ölkədə nümayəndəliyi fəaliyyət göstərir. USAİD hər zaman ölkələrin daxili işinə təsir göstərməyə çalışıb və çox zaman da buna nail olub. Buna görə də hər hansı ölkədə USAİD-in fəaliyyət göstərməsi ürəkaçan hal deyil.
USAİD Azərbaycana qarşı da hər zaman qərəzli mövqeyi ilə seçilib. Torpaqlarımızı işğaldan azad etdikdə, COP29 kimi vacib beynəlxalq tədbirə ev sahibliyi etdiyimiz zamanlarda da Azərbaycana qarşı keçirilən çirkin kampaniyaların qarşısında USAİD idi. Bu səbəbdən də USAİD sözün əsl mənasında ABŞ kəşfiyyatının bir qolu idi. Bu baxımdan USAİD-in fəaliyyətinin dayandırılması olduqca düzgün qərardır”.