Uşaqlarda diqqət problemi: Valideynlər nə etməlidir? – Psixoloqdan İZAH
Son zamanlar uşaqlarda diqqət çatışmazlığı halları olduqca geniş yayılıb. Xüsusilə məktəb dövründə bu problem daha aydın şəkildə özünü göstərir və həm dərsə marağın azalmasına, həm də öyrənmə prosesində çətinliklərə səbəb olur. Valideynlər və müəllimlər bu halı getdikcə daha çox müşahidə edir.
Bəs uşaqlarda diqqət çatışmazlığının əsas səbəbi nədir?
Bu barədə peşəkar psixologiya mərkəzinin direktoru,Klinik psixoloq Nuriyyə Quliyeva Patrulaz.az-a açıqlamasında bildirib ki, diqqət əskikliyi və hiperaktivlik pozuntusu zamanı uşağın dərsə fokuslanmaması və tapşırıqları yerinə yetirə bilməməsi onun iradəsindən asılı olmayaraq qeyri-ixtiyari baş verir:
“Uşaqlarda diqqət yayınıqlığı son dövrlərdə ən çox rast gəlinən problemlərdən biridir. Xüsusilə sentyabr–oktyabr aylarında bu problemlə bağlı müraciətlərin sayı artır. Bu, hazırda ən aktual problemlərdən ilk üçlükdə yer alan hallardandır.
Səbəbləri çoxdur. İlk növbədə qeyd etmək lazımdır ki, bu, bir diaqnoz ola bilər – Diqqət əskikliyi və hiperaktivlik pozuntusu (DƏHP). Bu zaman uşağın diqqətini idarə etməməsi, dərsə yönəlməməsi və ya təlimatları izləməməsi, ev tapşırıqlarını müəllim dediyi halda qeyd edib evdə xatırlamaması onun özündən asılı olmayan proseslərdir. Valideynlər və müəllimlər bəzən bu vəziyyəti aqressiya ilə qarşılayır, uşağı danlayır ki, “niyə diqqətlə dinləmədin?”, “nəyə görə dərslərinə bu qədər laqeyd yanaşırsan?”. Halbuki bu, uşağın iradəsindən asılı deyil. Beyində elə proseslər baş verir ki, bu, qeyri-ixtiyari olaraq diqqət yayınıqlığına səbəb olur.
Əgər bu, diaqnozdursa, klinik göstəriciləri olur və bu göstəricilər psixoloq, klinik psixoloq və həmçinin psixiatr tərəfindən qiymətləndirilir. Psixoloq diaqnoz qoymur, lakin hazırda valideynlər ilk növbədə psixoloqa müraciət edirlər. Müəllimlərin yönləndirməsi və ya valideynlərin müşahidəsi ilə uşaq psixoloqa aparılır və burada diqqət problemlərinin olub-olmadığı testlər və əlamətlər əsasında müəyyən olunur. Daha sonra psixoloq uşağı psixiatrın qəbuluna yönləndirir. Psixiatr isə Diqqət əskikliyi və hiperaktivlik pozuntusu diaqnozunu təyin edir”.
N.Quliyeva diqqət yayınıqlığının səbəbləri arasında genetik amillər və ekran qarşısında uzun müddət qısa videolara baxmaqla bağlı diqqət azalması da mühüm rol oynadığını vurğulayıb:
“Diqqət yayınıqlığının səbəbləri arasında genetik amillər də mühüm yer tutur. Bundan başqa, müasir dövrdə uşaqlar telefon, planşet, televizor və oyun konsollarında həddindən artıq vaxt keçirirlər. Bu isə get-gedə onların diqqətini zəiflədir. Xüsusilə TikTok və YouTube platformalarının “shorts” bölmələrində yerləşdirilən qısa videolar nəinki uşaqların, hətta böyüklərin də diqqət müddətini azaldır. Bu videolar bir neçə saniyəlik, maksimum 1 dəqiqəlik olur. Beyin bu cür məlumatlara alışdıqca, daha uzun və dərin məzmunlara diqqət yetirməkdə çətinlik çəkir.
Digər səbəblər arasında beyində Noradrenalin və Dopamin səviyyəsinin aşağı olması da yer alır. Erkən hamiləliklər və analığa erkən yaşda namizədlik də risk faktorları sırasındadır. Beynin ön payı – Frontal pay davranışlarımızın idarə olunması, hərəkətlərin təhlili və analiz bacarıqlarına cavabdehdir. Bu nahiyədə müəyyən fərqliliklər diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu ilə müşahidə oluna bilər”.
Psixoloq bildirib ki, emosional ailə mühiti və psixoloji gərginlik diqqətsizliyi artıra bilər, lakin vəziyyət yaxşılaşdıqca bu hallar azalır və mütləq DƏHP diaqnozu demək deyil:
“Dünən 13, 15 və 18 yaşlarında olan üç pasiyentlə məhz diqqət problemləri ilə bağlı görüşüm olub. Qiymətləndirmə nəticəsində gördüm ki, daha çox emosional ailə mühitindən və psixoloji gərginlikdən qaynaqlanan hallar diqqətsizliyi daha da qabardır. Emosional vəziyyətdə yaranan dəyişiklik diqqətə təsir göstərə bilər, lakin bu, mütləq şəkildə Diqqət əskikliyi və hiperaktivlik pozuntusu diaqnozu demək deyil. Emosional vəziyyət düzəldikcə bu hallar da azalır”.
Cəmilə Cəfərzadə






