Uşaqları belə aparan sürücülərə xəbərdarlıq - QANUN AÇIQLANDI
Son günlər azyaşlıların həyatını riskə atan sürücülərlə bağlı görüntülər yayılır. Bu yaxınlarda direktorun azyaşlı qızını avtomobilin ön oturacağında təhlükəsizlik kəmərindən istifadə etmədən tək oturtması, eləcə də valideynin bir əli ilə sükanı idarə edib, digər əli ilə uşağını tutmasını əks etdirən görüntülər birmənalı qarşılanmayıb. Bu kimi hallar qəfil baş verən qəzalar zamanı azyaşlıların həyatı üçün ciddi təhlükə yarada bilər.
Bəs azyaşlı ilə birlikdə sükan arxasında nəqliyyat vasitəsini idarə etmənin qarşısını almaq üçün qanunvericilikdə hansı cəzalar nəzərdə tutulur? Belə şəxslər məsuliyyətə cəlb olunurmu?
Bu barədə Patrul.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı sualımızı cavablandırıb:

“Belə hallarda həbs nəzərdə tutulmasa da, azyaşlını qucaqda saxlayaraq nəqliyyat vasitəsini idarə etmək inzibati xəta hesab olunur. Belə hallarda sürücü inzibati məsuliyyətə cəlb olunur, yəni ona cərimə tətbiq edilir.
Bu halda sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60-100 manat məbləğində cərimə və 3 cərimə balı ilə cəzalandırıla bilər”.
Məlumat üçün bildirək ki, Azərbaycanda azyaşlı uşaqların avtomobildə daşınması “Yol hərəkəti haqqında” Qanunun 56-cı maddəsi ilə tənzimlənir. Əsas tələblər aşağıdakılardır:
– 12 yaşınadək uşaqların ön oturacaqda daşınması yalnız uşağı saxlayan xüsusi qurğu (uşaq oturacağı) olduqda icazəlidir. Xüsusi qurğu olmadan 12 yaşınadək uşağın ön oturacaqda əyləşdirilməsi qadağandır;
– Arxa oturacaqlarda 12 yaşınadək uşaqların daşınması üçün xüsusi oturacaqdan istifadə məcburi deyil;
– 3 yaşınadək uşaqların müşayiətçi olmadan arxa oturacaqda daşınması qadağandır;
– Hərəkətdə olan avtomobildə uşaqların ayaqüstə durması, lyukdan və ya pəncərədən bədənlərini çıxarması qəti qadağandır.
Gülbəniz Səfərova






