"Uşaqlarınız chatbotlardan intihar yollarını öyrənmək üçün istifadə edə bilərlər" - Psixoloqdan valideynlərə XƏBƏRDARLIQ
Son illərdə süni intellekt texnologiyalarının insanların gündəlik həyatına inteqrasiyası sürətlə genişlənib. Müasir dövrdə demək olar ki, uşaqlı-böyüklü hər kəs müxtəlif chatbotlardan istifadə edir. Lakin bu texnologiyaların faydalı tərəfləri ilə yanaşı, müəyyən riskləri də mövcuddur. Xüsusilə son dövrlərdə xarici ölkələrdə ChatGPT və digər süni intellekt platformaları ilə yazışmalardan sonra intihar edən yeniyetmələrin sayı artıb.
Buna misal, ABŞ-də yaşayan 16 yaşlı Adam Reyn adlı yeniyetmənin ChatGPT ilə aylarla yazışdıqdan sonra 2024-cü ilin aprelində intihar etməsidir.
Başqa bir hadisə isə Florida ştatında baş verib. Belə ki, 14 yaşlı Sevel Setzer adlı qız 2024-cü ilin fevralında həyatına son qoyub. Onun anası Megan Garcia Character AI platformasını və “Google” şirkətini məhkəməyə verib. İddiaya görə, Sevel “Game of Thrones” serialının personajı Daenerys Targaryen əsasında yaradılmış çatbota emosional bağlılıq inkişaf etdirib. Bildirilir ki, çatbot yeniyetmə ilə cinsi xarakterli və depressiv mövzulu söhbətlər aparıb, o isə intihar düşüncələrini bölüşdükdə bunu dəstəkləyən cavablar verib. Nəticədə bütün bunlar onun intihar etməsinə şərait yaradıb.
OpenAI-nin açıqladığı məlumatlara görə, hər həftə aktiv istifadəçilərin təxminən 0,15%-i, yəni 1 milyondan çox insan platformada intihar planları ilə bağlı söhbətlər aparır. İstifadəçilərin 0,07%-ində isə psixoz və intihar düşüncələri kimi simptomların müşahidə edildiyi bildirilir.
Xarici ölkələrdə artıq chatbotlardan istifadə edən bəzi uşaqların intihar etməsi və ya özlərinə zərər verməsi halları səbəbindən müəyyən məhdudiyyətlər tətbiq olunmağa başlanıb. Məsələn, Avstraliya 18 yaşdan aşağı şəxslər üçün ChatGPT, bəzi saytlar və oyunlardan istifadəyə yaş məhdudiyyəti tətbiq edib. Hətta bu ölkədə 16 yaşdan aşağı uşaqların sosial mediada hesab açmasına da qadağa qoyulub.
Bəs bu kimi təhlükələrdən qorunmaq üçün valideynlər nə etməlidir?
Mövzu ilə bağlı Patrul.az-a açıqlama verən psixoloq Elmir Əkbər həm valideynlərə, həm də uşaqlara tövsiyələrini bölüşüb.
Psixoloq insanlara xəbərdarlıq edərək bildirib ki, chatbotlardan yalnız məlumat axtarmaq məqsədilə istifadə etmək lazımdır.
Onun sözlərinə görə, süni intellektlə insan kimi emosional ünsiyyət qurmaq təhlükəli nəticələrə gətirib çıxara bilər:
“Bu çox aktual bir məsələdir. Süni intellekt bu günün nemətidir, ancaq düzgün istifadə olunarsa. Təəssüf ki, bəzi insanlar, xüsusilə də yaşı az olan uşaqlar ChatGPT-dən sanki insanla söhbət edirmiş kimi istifadə edirlər. Bu qətiyyən yolverilməzdir. Bunların hamısı axtarış proqramlarıdır və yalnız müəyyən məlumatları tapmaq üçün bizə kömək edə bilər”.
Mütəxəssisin sözlərinə görə, hətta süni intellekt proqramlarının istehsal olunduğu ölkələrdə belə ondan istifadə zamanı ehtiyatlı davranırlar:
“Bəzi insanlar təəssüf ki, dost, ailə üzvü, mütəxəssis və ya həkim əvəzinə chatbotlarla yazışırlar. Bu isə qətiyyən yolverilməzdir. Bu proqramların yaradıldığı ölkələrdə belə insanlar onlardan bu formada istifadə etmirlər. Mütəxəssislər israrla tövsiyə edir, hətta tələb edirlər ki, chatbotlardan bu məqsədlər üçün istifadə olunmasın. Bu birinci hal deyil. ChatGPT vasitəsilə intiharın və ya cinayət törətməyin yollarını öyrənməyə çalışan insanlar da olub”.

E. Əkbər bildirib ki, yeniyetmələrlə bağlı apardığı elmi araşdırmalar zamanı da valideynlərdən bu mövzuda çoxlu müraciətlər eşidir.
Onun sözlərinə görə, valideynlər övladlarının internetdə kimlə və nə ilə ünsiyyətdə olduğuna ciddi diqqət yetirməlidir:
“Mənim elmi araşdırmalarım da yeniyetmələrlə bağlıdır və valideynlərdən bu məsələ ilə bağlı tez-tez narahatlıqlar eşidirəm. Çatbotlarla insan kimi danışmaq artıq ciddi problemə çevrilib. Süni intellekt elə cavab verir ki, istifadəçi qarşısında real insan olduğunu düşünə bilər. Bu isə yanlış yanaşmadır.
Valideynlər övladlarının kimlə və nə ilə ünsiyyətdə olduqlarına diqqət yetirməlidirlər. Xüsusilə yeniyetməlik dövrü həssas mərhələdir və bu yaşlarda özünəqapanma halları tez-tez müşahidə olunur. Belə hallarda valideynlər profilaktik məqsədlə uşaqlarını psixoterapevtə aparmalıdırlar. Eyni zamanda diqqət etməlidirlər ki, uşaqlar emosional problemlərini internetdə və ya süni intellekt proqramlarında həll etməyə çalışmasınlar”.
Ekspert bildirib ki, chatbotlardan zərərli məqsədlərlə istifadə halları təkcə uşaqlar arasında deyil, böyüklər arasında da müşahidə olunur. Buna görə o, hər kəsi süni intellekt alətlərindən “insan” kimi deyil, “alqoritm” kimi ehtiyatla istifadə etməyə çağırır:
“Təəssüf ki, belə hallar böyüklər arasında da müşahidə olunur. Bəzən görürük ki, bəzi insanlar ChatGPT-dən həyat yoldaşına xəyanət etmək üçün belə istifadə etməyə çalışırlar. Bir sözlə, yetkinlik yaşına çatmış şəxslər də chatbotlardan ağlagəlməz məqsədlər üçün istifadə edirlər. Hətta bir jurnalistin sözlərinə görə, ChatGPT onun həmkarına intiharın yollarını izah edib.
Düzdür, bu proqramların yaradıldığı ölkələrdə onların üzərində daim işlənilir və sistem təkmilləşdirilir. Belə neqativ halların qarşısını almaq üçün müxtəlif yeniliklər əlavə olunur. Amma həmin dəyişikliklər tətbiq olunana qədər bəzi insanlar sağlamlığını, sosial və bioloji həyatını itirə bilər. Bu isə əslində cəmiyyət üçün ciddi problemdir. Onsuz da internet, xüsusilə də gənclər arasında müəyyən qədər asosiallıq yaradır. Süni intellekt alətləri də burada müəyyən rol oynayır.
İnsanlar unutmamalıdırlar ki, bu bir alqoritmdir, şəxsiyyət deyil. Valideynlər bu məsələdə ayıq-sayıq olmalıdırlar. Bəzən valideynlərin özlərinin də maariflənməyə ehtiyacı olur”.
Gülbəniz Səfərova






