Övladlıq borcundan yayınanları hansı hüquqi nəticələr gözləyir? - Xəbərdarlıq
Cəmiyyətdə bəzən yaşlı valideynlərin övladları tərəfindən diqqətsiz və qayğısız vəziyyətdə saxlanılması halları müzakirələrə səbəb olur. Maddi və mənəvi dəstəyə ehtiyacı olan valideynlərə qarşı laqeyd münasibət isə həm etik, həm də hüquqi baxımdan ciddi məsələ hesab edilir.
Valideynlərinə baxmaqdan boyun qaçıran övladların bu davranışı qanunvericilikdə hansı məsuliyyətə və hüquqi nəticələrə səbəb ola bilər?
Bununla bağlı AR Vəkillər Kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.
Onun sözlərinə görə, ailə münasibətlərində valideynə qayğı yalnız mənəvi yox, eyni zamanda qanunla müəyyən olunan hüquqi öhdəlik hesab olunur:
“İlk növbədə qeyd edim ki, Ailə institutu qarşılıqlı qayğı və təminat üzərində qurulub. Necə ki valideyn azyaşlı uşağın saxlanmasına borcludur, eləcə də övlad böyüdükdən sonra köməyə ehtiyacı olan valideynə dəstək verməlidir. Bu, hüquqi balans prinsipidir. Yəni “istəyirəm baxaram, istəmirəm baxmaram” yanaşması qanun qarşısında keçərli hesab edilmir”.
Ş.Şəmmədli qeyd edir ki, ehtiyacı olan valideynə yardım göstərmək övladın hüquqi vəzifəsi sayılır:
“Bu məsələ yalnız mənəvi məsuliyyət çərçivəsində qiymətləndirilmir, eyni zamanda qanunvericiliklə birbaşa tənzimlənən hüquqi öhdəlikdir.Ailə Məcəlləsinin müvafiq normalarında valideynlərin övladlardan aliment tələb etmək hüququnu tanıyır. Yəni burada söhbət könüllü yardımdan deyil, zərurət yarandıqda məcburi hüquqi vəzifədən gedir”.

Vəkilin sözlərinə görə, valideyn ehtiyac içindədirsə, övladdan məhkəmə qaydasında aliment tələb edə bilər:
“Əgər valideyn ahıl yaşdadırsa, əmək qabiliyyətini itiribsə, xəstədirsə və maddi yardıma ehtiyac duyursa, yetkinlik yaşına çatmış və işləmək imkanı olan övlad isə ona baxmaqdan imtina edirsə, valideyn məhkəməyə müraciət edə bilər. Məhkəmə iş üzrə sübutları araşdırdıqdan sonra övladın valideynə aylıq maddi yardım göstərməsi barədə qərar qəbul edə bilər. Bu yardım faktiki olaraq aliment xarakteri daşıyır və övladın gəlirlərindən məcburi qaydada tutula bilər”.
Cəmilə Cəfərzadə






