media-inshot_20260306_204315281

Telefon və planşetlər uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, ekran qarşısında uzun müddət vaxt keçirmək uşaqların sağlamlığında gözlənilməz problemlər yarada bilər. 

Patrul.az-ın məlumatına görə, aparılan araşdırmalar göstərir ki, rəqəmsal cihazlardan həddindən artıq istifadə xüsusilə bağırsaq fəaliyyətinə mənfi təsir edir və uşaqlarda qəbizlik probleminin yaranma riskini artırır.

Son illərdə uşaqlar və yeniyetmələr arasında rəqəmsal asılılıq sürətlə yayılır. Bir çox uşaq gün ərzində orta hesabla 6-8 saat telefon və digər ekranların qarşısında vaxt keçirir. Bu vəziyyət isə həm fiziki hərəkətin azalmasına, həm də həzm sisteminin fəaliyyətinin zəifləməsinə səbəb olur. Nəticədə bağırsaq fəaliyyəti ləngiyir və qəbizlik halları daha çox müşahidə edilir.

Problem təkcə uşaqların az hərəkət etməsi ilə bağlı deyil. Burada həm fizioloji, həm də nevroloji mexanizmlər rol oynayır. Bağırsaqlar insan orqanizmində bəzən “ikinci beyin” kimi xarakterizə olunur və boşalma zamanı beyin bağırsaq əzələlərinə xüsusi siqnal göndərir. Lakin uşaq tualetdə olarkən telefonda oyun oynayanda və ya video izləyəndə beyin güclü vizual siqnallarla məşğul olur və dopamin ifrazı artır. Bu zaman bağırsaqlardan gələn “boşalma vaxtıdır” siqnalı zəifləyir və ya gecikdirilir. Nəticədə bağırsaq tam boşalmır, qalan nəcis zamanla bərkiyir və funksional qəbizlik yaranır.

Tualetdə telefondan istifadə başqa bir problemin də yaranmasına səbəb olur. Normal fizioloji ehtiyac 3-5 dəqiqə çəkməlidir. Lakin uşaqlar telefonla məşğul olduqda bu müddət 20-30 dəqiqəyə qədər uzana bilər. Uzun müddət oturaq vəziyyətdə qalmaq çanaq əzələlərinə və anal bölgəyə əlavə təzyiq yaradır. Bu isə anal çatların yaranmasına, hətta hemoroid riskinin artmasına səbəb ola bilər. Nəcis bərkiyəndə uşaq daha çox gücənir, nəticədə qanamalı çatlar əmələ gələ bilər və uşaq növbəti dəfə tualetə getməkdən qorxaraq ehtiyacı saxlamağa başlayır.

Araşdırmalar göstərir ki, uzun müddət ekran qarşısında qalan uşaqların həyat tərzi də bağırsaq problemlərini artırır. Belə uşaqlar çox vaxt su içməyi unudur və liflə zəngin qidalar əvəzinə çips, peçenye kimi quru qidalar qəbul etməyə üstünlük verir. Bu isə bağırsaqda quruluğun artmasına səbəb olur. Nəticədə bir müddət sonra qarın ağrısı, iştahsızlıq, məktəbdə diqqətin dağılması və hətta əsəbilik kimi hallar ortaya çıxa bilər.

Mütəxəssislər gigiyena baxımından da ciddi təhlükənin olduğunu bildirirlər. Tualetə aparılan telefonların səthində çox sayda bakteriya və mikroorqanizm toplanır. Bu mikroblar daha sonra əllər vasitəsilə qidaya və ya ağıza keçə bilər. Bu isə uşaqlarda bağırsaq qurdları, virus və bakterial infeksiyalar kimi problemlərin yaranmasına şərait yaradır.

Araşdırmalara əsasən, uşaqlarda tualet prosesi normalda 3-5 dəqiqə ərzində tamamlanmalıdır. Bu müddətin uzanması isə bağırsaq fəaliyyətinin pozulmasının ilkin əlaməti hesab edilir. Buna görə mütəxəssislər ailələrə uşaqlarda ekran asılılığını azaltmağı və tualetdə telefon istifadəsinə icazə verməməyi tövsiyə edirlər.

Mütəxəssislər uşaqlarda qəbizlik riskini azaltmaq üçün bir neçə sadə qaydaya əməl etməyin vacib olduğunu bildirirlər. Uşaqlar gün ərzində kifayət qədər su içməli, liflə zəngin qidalar qəbul etməli və ən azı 60 dəqiqə fiziki aktivliklə məşğul olmalıdırlar. Həmçinin tualet zamanı ayaqların altına kiçik kətil qoyulması bağırsağın anatomik bucağını düzəldərək boşalma prosesini asanlaşdıra bilər.

Bu sadə vərdişlər uşaqlarda bağırsaq sağlamlığını qorumağa və qəbizlik probleminin qarşısını almağa kömək edə bilər.


Bənzər xəbərlər