Vaşinqtonda 2026 Dünya Kuboku püşkatması: Trampa FİFA-dan “Sülh” mükafatı və digər əsas məqamlar
Vaşinqtonda 2026-cı il Dünya Çempionatının püşkatma mərasimi baş tutub.
Patrul.az “Sky News”a istinadən xəbər verir ki, tədbirdə iştirak edən ABŞ Prezidenti Donald Tramp FIFA rəhbəri Canni İnfantino tərəfindən yeni təsis edilən sülh mükafatına layiq görülüb.
Mükafat təqdim olunduqdan sonra səhnədə çıxış edən ABŞ lideri bunu “həyatının ən böyük şərəflərindən biri” adlandırıb:
“O qədər müxtəlif müharibələr vardı ki… Bəzilərini hətta başlamazdan əvvəl bitirməyə nail olduq”, – deyə o bildirib.
Püşkatma mərasimində Dünya Kubokunun digər ev sahibi ölkələrinin rəhbərləri – Kanadanın baş naziri Mark Carney və Meksika Prezidenti Claudia Sheinbaum da iştirak ediblər.

Mərasim zamanı turnirin maskotları və rəsmi top təqdim olunub. 2026-cı il turnirinin üç ev sahibi ölkəsi olduğundan, FİFA üç rəsmi maskotu da açıqlayıb:
“Akçaağaç Moose” – Kanadanı; “Zayu” adlı yaquar – Meksikanı;”Clutch” adlı keçəl qartal isə ABŞ-ni təmsil edir.

Rəsmi oyun topu isə “Trionda” adlanır. İspan dilində “üç dalğa” mənasını verən top, qırmızı, yaşıl və mavi rənglərdən ibarət burulmuş naxışlarla bəzədilib və hər rəng ev sahibi ölkələrdən birini simvolizə edir.

Püşkatma necə aparılır? – Yeni format
Bu ildən etibarən Dünya Kubokunun qrup sistemi dəyişib. Əvvəlki kimi 32 komanda 8 qrupa deyil, 4 komandadan ibarət 12 qrupa bölünəcək.
Növbəti mərhələyə aşağıdakılar vəsiqə qazanacaq:
Hər qrupun ilk 2 komandası;
Üçüncü yeri tutan ən yaxşı 8 komanda;
Beləliklə, 32 komanda 1/16 final mərhələsinə yüksələcək.
FİFA reytinqində ən yüksək dörd komanda – İspaniya, Argentina, Fransa və İngiltərə müxtəlif bölmələrdə yerləşdirilib. Bu, onların yarımfinala qədər qarşılaşmamasını təmin edir.
Bundan əlavə, ev sahibi ABŞ, Kanada və Meksika da 1-ci səbətə daxil edilib və qrup mərhələsində bir-biriləri ilə qarşılaşmayacaqlar.
Qaydalara əsasən, eyni səbətdə olan komandalar bir qrupa düşə bilməz.
Səbətlər:
1-ci səbət:
İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Hollandiya, Belçika, Almaniya, ABŞ, Meksika, Kanada.
2-ci səbət:
Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya.
3-cü səbət:
Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika.
4-cü səbət:
İordaniya, Kabo-Verde, Qana, Kurakao, Haiti, Yeni Zelandiya, Avropa pley-off qalibləri (1–4), Qitələrarası pley-off qalibləri (1–2).
Qeyd edək ki, FİFA püşkatmanın ümumilikdə təxminən 45 dəqiqə davam edəcəyini açıqlayıb.

Gülbəniz Səfərova






