media-inshot_20260210_164124608

Bu gün ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfər edəcək. Məlumdur ki, o, daha əvvəl  Ermənistanda səfərfə olub. ABŞ rəsmisi Ermənistana səfəri çərçivəsində Baş nazir Nikol Paşinyanla görüşündə TRIPP layihəsinin təfərrüatlarını, eləcə də Bakı-İrəvan arasında sülh təşəbbüslərini müzakirə edib.

Bəs Vensin Azərbaycana səfəri zamanı əsas müzakirə mövzuları nələr olacaq?

Bu barədə Patrul.az-a politoloq Tural İsmayılov fikirlərini bölüşüb. Onun sözlərinə görə, ABŞ-nin həm İrəvana, həm də Bakıya səfər etməsi Vaşinqtonun hər iki ölkəyə münasibətdə regional baxışının müsbət istiqamətdə dəyişdiyini göstərir:

“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Bakıya reallaşdırdığı bu tarixi səfər sadəcə iki dövlət arasında diplomatik münasibətlərin bərpası deyil, eyni zamanda Cənubi Qafqazın yaxın onilliklər üçün yeni geosiyasi və geoiqtisadi ssenarisinin rəsmən təsdiqlənməsidir. Vensin əvvəlcə İrəvanda, ardınca isə Bakıda keçirdiyi yüksək səviyyəli görüşlər Vaşinqtonun regiona baxışındakı köklü paradiqma dəyişikliyini nümayiş etdirir. Bu yeni yanaşma ideoloji ritorikadan uzaqlaşaraq, “praqmatik sülh” və “iqtisadi rifah” üzərində qurulub.

Donald Tramp administrasiyasının əsas fiqurlarından biri olan Vensin regiona səfəri 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş sülh prinsiplərinin artıq konkret iqtisadi layihələr və siyasi zəmanətlərlə möhkəmləndirilməsi məqsədi daşıyır. Bu prosesdə ABŞ-nin Azərbaycanı təkcə enerji tərəfdaşı deyil, regionun əsas güc mərkəzi və strateji sabitlik qütbü kimi qəbul etməsi iki ölkə arasındakı etimadın ən yüksək səviyyəyə çatdığını göstərir”.

media-ac1ae6a5162808028937106744910739879

Politoloqun fikrincə, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması fonunda formalaşan “Tramp Marşrutu” (TRIPP) layihəsinin reallaşdırılmasıdır:

“Bu səfərin analitik mərkəzində dayanan ən mühüm element ABŞ-nin təşəbbüsü olan “Tramp Marşrutu” (TRIPP) layihəsidir. Vensin İrəvandan Bakıya gətirdiyi əsas mesaj ondan ibarətdir ki, Ermənistan və Azərbaycan arasındakı sülh sadəcə sərhədlərin delimitasiyası deyil, həm də Zəngəzur dəhlizi vasitəsilə qlobal ticarət dövriyyəsinə inteqrasiyadır. Vaşinqtonun bu dəhlizə “”beynəlxalq sülh və rifah marşrutu” statusu verməsi və bura böyük Amerika investisiyalarının cəlb edilməsinə yaşıl işıq yandırması Azərbaycanın illərdir irəli sürdüyü regional kommunikasiya vizyonunun qlobal miqyasda qəbul edilməsi deməkdir. Vitse-prezidentin bu səfəri ilə ABŞ həm də Ermənistana aydın şəkildə bildirir ki, regionun inkişafı və təhlükəsizliyi Azərbaycanla iqtisadi inteqrasiyadan və real sülh gündəmindən keçir. Beləliklə, Amerika tərəfi artıq “vasitəçi” statusundan çıxaraq, bu yeni iqtisadi nizamın əsas payçısına və təhlükəsizlik qarantına çevrilir”.

T.İsmayılov qeyd edib ki, səfərin digər mühüm tərəfi Azərbaycanın beynəlxalq arenada “orta güc” (middle power) statusunun Vaşinqton tərəfindən rəsmən tanınmasıdır:

“Səfərin digər vacib tərəfi Azərbaycanın “orta güc” (middle power) kimi beynəlxalq statusunun Vaşinqton tərəfindən rəsmən möhürlənməsidir. Uzun illər ikitərəfli əlaqələrə kölgə salan süni baryerlərin və 907-ci düzəliş kimi qalıqların artıq tarixin arxivinə göndərilməsi, Azərbaycanın strateji əhəmiyyətinin ABŞ-nin milli maraqları ilə tam üst-üstə düşdüyünü təsdiqləyir. Vensin Bakıda apardığı danışıqlar həm də hərbi-texniki əməkdaşlığın, rəqəmsal infrastrukturun və “yaşıl enerji” sahəsində tərəfdaşlığın yeni hüquqi müstəviyə – “Strateji Tərəfdaşlıq Xartiyası”na keçidi üçün zəmin hazırlayır. Bu yaxınlaşma regionda hər hansı yeni gərginlik ocağının yaranma riskini minimuma endirir, çünki dünyanın bir nömrəli gücü artıq sülhü sadəcə arzu etmir, onu milyardlarla dollarlıq layihələrlə sığortalayır. Nəticə etibarilə, Ceyms Devid Vensin səfəri Azərbaycanın diplomatik qələbəsinin və regionda yaratdığı yeni reallıqların qlobal səviyyədə təsbit olunması aktıdır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər