Vətən müharibəsi zamanı Qarabağla bağlı videolar hazırlayan Ruhi Çenet YouTubda birinci oldu
Türkiyənin məşhur YouTuber-i Enes Batur 16 milyon izləyicisi olan kanalını bağladıqdan sonra, digər tanınmış kontent yaradıcısı Ruhi Çenet Türkiyədə ən çox abunəçiyə sahib YouTuber olub.
Patrulaz.az xəbər verir ki, hazırda Ruhi Çenetin YouTube kanalında 15,8 milyon abunəçi var.
Bir vaxtlar videoları ilə böyük populyarlıq qazanan Enes Batur keçmiş sevgilisi Başak Karahanın evləndiyi gün 6 illik bütün videolarını silib və 16 milyon izləyicisi olan kanalını bağlayıb.
Bununla da Ruhi Çenet rəsmi olaraq Türkiyənin ən çox izlənilən YouTuber-i elan edilib.
Ruhi Çenet kimdir?
Muhammed Ruhi Çenet – 20 oktyabr 1990-cı ildə Aydın şəhərində anadan olub. O, türk YouTuber, sənədli film rejissoru və aktyor kimi tanınır. Ruhi Çenet “Ruhi Çenet Videoları” adlı YouTube kanalı vasitəsilə sosial, tarixi və elmi mövzularda hazırladığı sənədli tipli videolarla geniş auditoriya qazanıb.
Xatırladaq ki, Çenet 2020-ci il Vətən müharibəsi zamanı Qarabağa gələrək işğaldan azad olunan Talış kəndində çəkiliş aparıb. Bloger ermənilərin tərk etdiyi mövqeləri və döyüş bölgəsindəki vəziyyəti lentə alıb. Çəkiliş zamanı onun yaxınlığına top mərmisi düşsə də, o, çəkilişə davam edib.
Sözügedən video paylaşılmasından cəmi 24 saat sonra təxminən 881 min baxış sayı toplayıb.
Gülbəniz Səfərova






