“WhatsApp” doğurdan etibarsızdır? - Texnologiya nəhənglərinin iddialarına İT mütəxəssisindən CAVAB
Amerikalı milyarder İlon Mask da “WhatsApp”ın təhlükəli olduğunu vurğulayaraq istifadəçiləri alternativ olaraq “X Chat”dan istifadə etməyə çağırıb.
Bundan əvvəl “Telegram” platformasının yaradıcısı Pavel Durov da “WhatsApp”ì idarə edən “Meta” şirkətinin sahibi Mark Zukerberqin platformasının etibarsız olduğunu qeyd edib.
Həqiqətən “WhatsApp” etibarsızdır? Platforma sahibləri bizim mesajlarımızı ələ keçirə bilirmi?
Mövzu ilə bağlı Patrul.az olaraq İKT üzrə mütəxəssis Elvin Abbasovun fikirlərini öyrəndik.
O bildirib ki, İlon Mask və Pavel Durovun iddiaları əsasən “WhatsApp”ın texniki deyil, struktur və metadata təhlükəsizliyi ilə bağlıdır:
“Texniki olaraq “WhatsApp” “Ucdan-uca şifrələmə” (End-to-End Encryption) protokolundan istifadə edir; bu o deməkdir ki, mesajlar cihazınızdan çıxdığı andan qarşı tərəfə çatana qədər şifrəli olur və nə “Meta”, nə də kənar şəxslər mesajın məzmununu oxuya bilir. Lakin Maskın vurğuladığı əsas risk, proqram daxilində gizli qala biləcək “arxa qapılar” (backdoors) və “Meta”nın sizin mesajlarınızı oxumasa da, kiminlə, nə vaxt və neçə dəqiqə danışdığınız barədə məlumatları (metadata) reklam məqsədilə toplamasıdır”.
Durovun fikirlərinə gəldikdə isə mütəxəssis qeyd edib ki, onun tənqidi isə platformanın qapalı kodlu olmasına əsaslanır:
“”Telegram”dan fərqli olaraq, “WhatsApp”ın proqram kodu ictimaiyyətə açıq deyil, bu da sistemdə gizli boşluqların olub-olmadığını yoxlamağı qeyri-mümkün edir. Maskın öz platforması olan “X” (keçmiş Twitter) üzərindən “X Chat”ı təşviq etməsi həm də bir rəqabət strategiyasıdır, çünki o, bütün rabitə və maliyyə zəncirini vahid bir tətbiqdə birləşdirmək istəyir. Nəticə etibarilə, gündəlik yazışmalar üçün “WhatsApp” kifayət qədər təhlükəsiz sayılsa da, tam məxfilik axtaranlar üçün metadata toplamayan və açıq kodlu alternativlər (məsələn, Signal) daha etibarlı hesab olunur”.
E.Abbasov həmçinin İlon Mask və digər tanınmış high-tech şirkət rəhbərlərinin adının “Epşteyn” işində çəkildiyini xatırladıb:
“Sadəcə Mark Zukerberqdir ki, sözügedən şəbəkə ilə əlaqəsi təsbit olunmayıb. Bugünkü gündə İlon Mask və ümumilikdə ABŞ-nin “X Chat”-dan istifadəyə çağırışını “Epşteyn”lə bağlı yazışmalara daha yaxşı nəzarət edə bilmələri ilə əlaqələndirmək olar. Çünki onlar Zukerberqin platformalarında bunu bacarmırlar. Ona görə də insanları bu şəkildə qorxudaraq “X Chat” platformasına cəlb etmək istəyirlər”.
Ləman Sərraf






