Xameneinin varisi kimi göstərilən Müctəba kimdir? - Onun haqqında bilinməyənlər
İsrailin mart ayından İrana endirdiyi zərbələr və daha sonra münaqişəyə ABŞ-nin qoşulması regionda gərginliyi daha da artırıb. Qarşılıqlı hücumların fonunda fevralın 28-də İsrail və ABŞ tərəfindən Tehranda İranın ali dini lideri Ayətullah Əli Xameneinin malikanəsinə endirilən zərbələrdən sonra onun ölümü vəziyyəti daha da gərginləşdirib. Bu hadisədən sonra İranda hakimiyyətin gələcəyi və ali lider postuna kimin gələcəyi ilə bağlı müzakirələr intensivləşib.
Əgər əvvəllər Tehran rəhbərliyi əsasən xarici təhlükələrə qarşı müdafiə strategiyasına fokuslanırdısa, son hadisələr ölkə daxilində də siyasi qeyri-müəyyənliyi artırıb. İran rəsmiləri yeni ali liderin tezliklə müəyyənləşdirilə biləcəyini bildirirlər. Mümkün varislər arasında bir neçə əsas fiqurun adını çəkirlər. Bunlar – 67 yaşlı Əlirza Arafi, 66 yaşlı Məhəmməd Mehdi Mirbaqeri və hazırda Məsləhət Şurasının sədri olan 64 yaşlı Sadiq Laricanidir. Lakin ən çox müzakirə olunan və eyni zamanda ən mübahisəli namizədlərdən biri mərhum liderin oğlu Müctəba Xameneidir.
Patrul.az-ın araşdırmasına görə, Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei fevralın 28-də Tehranda baş verən İsrail-ABŞ hücumlarından sağ çıxıb. Hazırda 56 yaşlı Müctəba Xamenei atasının mümkün varislərindən biri kimi göstərilir.
Müctəba Xamenei 1969-cu ildə İranın Məşhəd şəhərində anadan olub. O, atası şah rejiminə qarşı müxalif fəaliyyət göstərdiyi dövrdə böyüyüb. Gənclik illərində İran-İraq müharibəsində xidmət etdiyi bildirilir.
Orta rütbəli ruhani hesab olunan Müctəba Xamenei uzun illər ərzində İranın elit hərbi strukturlarından biri olan İnqilab Keşikçiləri Korpusu ilə sıx əlaqələr qurub. O, xüsusilə İnqilab Keşikçilərinin Qüds Qüvvələri və bu quruma bağlı dini könüllü milis təşkilatı olan “Bəsic” ilə yaxın əməkdaşlığı ilə tanınır. Analitiklərin fikrincə, bu əlaqələr ona ölkə daxilində ciddi siyasi və təhlükəsizlik təsiri qazandırıb.
Müctəba Xamenei İran siyasi sistemində rəsmi vəzifə tutmasa da, illərdir ölkədə “boz kardinal” kimi tanınan fiqurlardan biri hesab olunur. Onun ali liderin ofisi sayılan “Beyt-e Rəhbəri” strukturunda maliyyə və təhlükəsizlik resurslarına nəzarət edən əsas şəxslərdən biri olduğu bildirilir. Bu səbəbdən o, rəsmi statusu olmasa da, qərarların qəbulunda təsirli fiqur kimi qiymətləndirilir.
Onun adı bir neçə dəfə İran daxilində siyasi proseslərə təsir ittihamları ilə də hallanıb. Xüsusilə 2005 və 2009-cu illərdə keçirilən prezident seçkilərində Mahmud Əhmədinejadın qələbəsində Müctəbanın və ona bağlı hesab olunan “Bəsic” qüvvələrinin rol oynadığı iddiaları səsləndirilib. 2009-cu ildə baş verən kütləvi etirazlar zamanı nümayişçilər ilk dəfə olaraq açıq şəkildə ona qarşı şüarlar səsləndirmişdilər.
Müctəba Xameneinin ali lider postuna namizədliyi ilə bağlı müzakirələrdə ən çox diqqət çəkən məsələlərdən biri də onun dini rütbəsi ilə bağlıdır. İran konstitusiyasına əsasən, ali lider yüksək dini statusa – “Ayətullah” rütbəsinə sahib olmalıdır. Müctəba uzun illər “Höccətül-islam” kimi tanınsa da, son illərdə İranın bəzi rəsmi media orqanları onu “Ayətullah” kimi təqdim etməyə başlayıb. Bu isə bir çox analitiklər tərəfindən onun mümkün varis kimi hazırlanmasının göstəricisi kimi qiymətləndirilir.
2024-cü ilin mayında İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması da ölkədə siyasi balansı dəyişdirən hadisələrdən biri hesab olunur. Rəisi potensial varislərdən biri sayıldığından, onun ölümündən sonra Müctəba Xameneinin adının daha çox ön plana çıxdığı qeyd edilir.
Müctəba Xameneinin təsir imkanlarının mühüm hissəsi onun maliyyə resursları ilə bağlıdır. ABŞ Maliyyə Nazirliyi 2019-cu ildə onu sanksiya siyahısına daxil edib. Rəsmi Vaşinqton bunu onun atasının adından regionda sabitliyi pozan fəaliyyətlərə dəstək verməsi və ölkənin böyük iqtisadi fondları üzərində təsir imkanlarına malik olması ilə əsaslandırıb.
Bununla yanaşı, onun ali lider olması ehtimalı İran daxilində ciddi mübahisələrə səbəb olur. Bir çox ruhani və siyasi analitik hesab edir ki, hakimiyyətin atadan oğula keçməsi 1979-cu il İran inqilabının əsas prinsiplərindən biri olan monarxiyanın ləğvi ideyasına ziddir. Bu səbəbdən Müctəba Xameneinin varisliyi bəzi dairələr tərəfindən “inqilabın ruhuna zidd addım” kimi qiymətləndirilir.
Bununla belə, analitiklərin fikrincə, ali liderin seçilməsi prosesi böyük ölçüdə Ekspertlər Şurasının qərarından asılıdır. Bu qurum daxilində baş verə biləcək siyasi razılaşmalar və güc balansı İranın gələcək liderinin kim olacağını müəyyən edən əsas faktor kimi qiymətləndirilir. Müctəba Xameneinin adı isə bu müzakirələrdə ən çox hallanan fiqurlardan biri olaraq qalır.






