media-inshot_20250913_002442737

“Xəzər dənizi hazırda ciddi ekoloji problemlə üz-üzədir. Su səviyyəsi ilbəil enir və bu, yaxın onilliklərdə region üçün strateji fəsadlar yarada bilər”.

Bu barədə Patrulaz.az-a açıqlamasında ekoloq Cəmşid Bəxtiyarlı deyib. Onun sözlərinə görə, əgər aidiyyatı qurumlar vaxtında tədbir görməsələr, dəniz yaxın gələcəkdə səhraya çevrilə bilər:

“Alimlərin müşahidələrinə görə, iqlim dəyişikliyi, temperaturun yüksəlməsi, buxarlanmanın artması və Xəzərə tökülən çayların, xüsusən də Volqa çayının axımının azalması əsas səbəblərdir. Bu proses təkcə dənizin ekosisteminə deyil, həm də sahilyanı ölkələrin iqtisadiyyatına, nəqliyyat yollarına, balıqçılıq təsərrüfatına və yerli əhalinin həyatına birbaşa təsir edir. Ən təhlükəlisi isə budur ki, Xəzərin quruma təhlükəsi regional əməkdaşlıq tələb edir, amma dövlətlər bu məsələdə hələ də ləng hərəkət edirlər.

Problemin həlli üçün Xəzəryanı ölkələrin ortaq ekoloji strategiya qəbul etməsi, çay axınlarının qorunması, su resurslarından səmərəli istifadə və beynəlxalq elmi monitorinqlərin aparılması vacibdir. Əks halda, yaxın gələcəkdə Xəzərin əhəmiyyətli bir hissəsi bataqlığa və ya duzlu səhraya çevrilə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər