Xəzərdə kruiz gəmiləri üzəcək - Rusiyadan Azərbaycana yeni təklif
Rusiya və Azərbaycan arasında nəqliyyat, logistika və işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yeni mərhələ başlayır.
Patrul.az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazir müavini Aleksey Overçuk Zəngəzurda keçirilən Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 24-cü iclasında çıxışı zamanı bildirib.
Overçukun sözlərinə görə, nəqliyyat əlaqələri iki ölkə arasındakı strateji tərəfdaşlığın onurğa sütununu təşkil edir. O, xüsusilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin perspektivlərini önə çəkərək, bu marşrut üzrə yeni iqtisadi dəyər zəncirlərinin yarandığını vurğulayıb:
“Azərbaycan ərazisindən keçən qərb qolunun inkişafı bizim üçün prioritetdir. Bu dəhliz təkcə yüklərin daşınması deyil, həm də regionun iqtisadi xəritəsinin yenidən formalaşması deməkdir”.
Baş nazir müavini Rusiyanın işğaldan azad edilmiş Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərində aktiv yer almağa hazır olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Rusiya şirkətləri bu ərazilərdə infrastruktur layihələrinə öz töhfəsini verməkdə maraqlıdırlar.
Görüşdə yalnız iqtisadi deyil, həm də humanitar və turizm məsələlərinə toxunulub.
Overçuk Azərbaycanı Beynəlxalq Rus Dili Təşkilatına qoşulmağa dəvət edib və Xəzər dənizində birgə kruiz səfərlərinin təşkili üçün böyük potensialın olduğunu qeyd edib.
Qeyd edək ki, Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 15-dən Azərbaycanda işgüzar səfərdədir. İclas çərçivəsində iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və aviadaşımaların genişləndirilməsi də əsas müzakirə mövzularından olub.






