media-inshot_20260423_221135962

Son dövrlərdə bir sıra ölkələrdə dron vasitəsilə çatdırılma xidmətlərindən istifadə olunur. Dünyanın bir çox ölkəsində bu xidmətlər artıq həm sınaq mərhələsini keçib, həm də bəzi bölgələrdə aktiv şəkildə kommersiya fəaliyyəti göstərir. Bu texnologiya əsasən tibbi ləvazimatların, qidaların və kiçik bağlamaların sürətli çatdırılması üçün istifadə olunur.

Məsələn, Ruanda və Qanada qan paketləri, vaksinlər və digər vacib tibbi ləvazimatlar xəstəxanalara dronlarla çatdırılır. İslandiya və Finlandiyada poçt bağlamalarının bəzi marşrutlar üzrə dronla göndərilməsi tətbiq olunub.

Avropa ölkələrindən Böyük Britaniya, Almaniya və Fransada da sınaq marşrutları üzrə bağlamaların çatdırılması həyata keçirilir. Rusiyada isə uzaq və çətin keçilən bölgələrə (məsələn, Yakutiya, Yamalo-Nenets və Çukotka) bağlamaların dronla çatdırılması üçün sınaqlar aparılır.

Azərbaycanda isə dronların mülki məqsədlər, o cümlədən logistika üçün istifadəsi ilə bağlı icazə sistemi sadələşdirilir. Ölkəmizdə bu sahə 2023-cü ilin dekabrında qəbul edilmiş yeni “Aviasiya haqqında” qanun və pilotsuz uçuş aparatlarının (PUA) istismarı qaydaları ilə tənzimlənir. Hazırda Azərbaycanda dronlar daha çox kənd təsərrüfatı, təhlükəsizlik, aeroçəkiliş və ərazilərin monitorinqi üçün istifadə olunur. Poçt və qida çatdırılması kimi sahələrdə isə hələlik pilot layihələr və infrastrukturun hazırlanması mərhələsi davam edir.

Bununla belə, ölkəmizdə yaxınlarda bu sahə üzrə mühüm uğura imza atılıb.

Belə ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə Milli Aviasiya Akademiyası (MAA) arasında uğurlu əməkdaşlıq nəticəsində akademiyanın peşəkar mütəxəssisləri tərəfindən hazırlanmış yeni dron növü ötən il hazırlanıb və aprelin 21-də sınaqdan keçirilib. Bu qurğu 10 kiloqrama qədər yükü dəniz üzərində 10 kilometr məsafəyə daşıya bilir. Dron eyni zamanda aeroçəkiliş funksiyasına malikdir. Cihaz aeroçəkiliş rejimində 40 dəqiqə, fasiləsiz yükdaşıma rejimində isə 30 dəqiqə havada qala bilir.

Bəs gələcəkdə ölkəmizdə dronlar daha hansı sahələrdə istifadə oluna bilər?

Bununla bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Patrul.az-a öz təəssüratlarını bölüşüb.

Ekspert Milli Aviasiya Akademiyasının mütəxəssisləri tərəfindən hazırlanan yeni üsullu dronu yüksək qiymətləndirib:

“Milli Aviasiya Akademiyası (MAA) Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) üçün xırda bağlamaların çatdırılması məqsədilə yeni dron istehsal edib. Düşünürəm ki, bu çox müsbət haldır. Bu, sahildənkənar gəmilər mövcud olsa belə, həmin ərazilərə çatdırmanı həyata keçirmək baxımından əlverişlidir. Eyni zamanda, əks istiqamətdə – gəmilərdən sahilə çatdırmanın icrası üçün də effektiv həll hesab olunur”.

 

Həmsöhbətimizin fikrincə, dünya ölkələrində dron sahəsindəki irəliləyişlər Azərbaycanda da öz müsbət təsirini göstərəcək:

“Ümumilikdə, bu sahədə bir sıra məsələlər mövcuddur. Həm təhlükəsizlik, həm də şəhər nəqliyyatına minimum təsirlə bu işlərin həyata keçirilməsi təmin edilməlidir. Dünya təcrübəsinə nəzər saldıqda, hesab edirəm ki, gələcəkdə ölkəmizdə də dronla çatdırılmanın daha təkmilləşdirilmiş xidmətinin təşkili nəzərdən keçirilə bilər”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər