“XII Qlobal Bakı Forumu dünya üçün yeni perspektivlər açır”- ŞƏRH
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb. Bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, hazırda keçirilən XII Qlobal Bakı Forumunda da 3 gün ərzində qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunacaq: “Bu dəfə forum “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilir və Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər.
Forumu əhəmiyyətli edən məqamlardan biri də Prezident İlham Əliyevin ənənvi olaraq bu forumlarda iştirakı və iştirakçılarn çoxsaylı suallarını cavablandırmasından ibarətdir. Bu, Azərbaycan həqiqətlərinin çatdırılması, hadisələrə ölkəmizin baxışlarını çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Forumda çıxış edən ölkə başçısı Qlobal Bakı Forumunun uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq tədbirlərdən birinə çevrildiyinə diqqət çəkdi və bir sıra çox mühüm məsələlərə toxundu. Ölkəmizdə COP29 tədbirinin keçirilməsi, əldə olunan nailiyyətlər, eləcə də bir sıra dairələrin bu mühüm tədbiri baykot etməklə bağlı apardıqları fəaliyyət haqqında geniş məlumat verildi və Azərbaycan qarşı kampaniyanın iki mərkəzdən idarə olunduğu bildirildi. Prezident açıq şəkildə bəyan etdi ki, onlardan biri – ABŞ-ın Dövlət Departamenti idi. “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsveek” və “Assoşieyted Press” kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər. Digəri isə Fransa prezidentinin ofisi, Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi.
Ölkə başçısı çıxışında Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri, Xocalı soyqırımını, dini mədəni abidələrimizin dağıdılması faktlarını da bir daha diqqətə çatdıraraq hal-hazırda da Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının qaldığını bildirdi.
Çıxışda mühüm məsələlərdən biri də Ermənistanın yeni müharibəyə hazırlandığı ilə bağlı oldu. Fransa və digərlərinin Ermənistanı sürətli şəkidə silahlandırmasının, Avropa Sülh Fondu vasitəsilə Ermənistana silahlanmaq üçün milyonlarla dollar vəsait ayrılmasının, şərti sərhəddə fəlaiyyət göstərən və əslində Avropa İttifaqını kəşfiyyat missiyası rolunu oynayan qrupun fəaliyyətinin Ermənistanı yeni müharibəyə sürüklədiyini qeyd edən ölkə başçısı bu fəlaiyyətin arxasında konret Fransa Prezidenti Makronun dayandığını bildirdi.
Preizdentin çıxışı erməni dəstəkçisi rolunda çıxış edənlərin ifşası baxımından da maraqlı oldu. İlham Əliyev konkret adlar çəkərək Adam Şif, Frenk Pallone, Nensi Pelosi kimilərin onilliklər ərzində Azərbaycana hücum çəkmək və bizi gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından maliyyə aldıqlarını bildirdi.
Digər maraqlı məqam da ABŞ-Azərbaycan münasibətləri ilə bağlı oldu. ABŞ-ın keçmiş Dövlət katibi Antoni Blinkenin 30 il ərzində qurulan ABŞ-Azərbaycan münasibətlərini heçə endirdiyini deyən prezident yeni Administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün vacib olan tərəfdaşlığın yenidən qurulacağına ümid etdiyini də bildirdi.
Bu gün artıq Forumun ikinci günüdür, bir sıra panel müzakirələr keçirilir və olduqca maraqlı mövzuların qaldırıldığına şahidlik edirik. Dnüya düzənin yenidən düşünülməsi ilə bağlı kifayət qədər əsaslandırılmış təkliflər müzakirə olunur. Bütün bunlar onu deməyə əsas verir ki, XII Qlobal Bakı Forumu dünya üçün yeni perspektivlər açan və qlobal həmrəyliyi gücləndirən mühüm bir tribuna olmaqla yanaşı Azərbaycan yüksək beynəlxalq nüfuzunu əks etdirməklə ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına da əlavə stimul vermiş olacaq”.
Səbinə Hüseynli