Xırdalanda sürücü məktəb yaxınlığında avtoxuliqanlıq hərəkətləri etdi - VİDEO
Xırdalan şəhərində yerləşən məktəb yaxınlığında təhlükəli manevr edən avtomobil sürücüsünün görüntüləri sosial şəbəkələrdə yayılıb.
Patrulaz.az xəbər verir ki, hadisə Abşeron rayonu Xırdalan şəhəri Səttar Bəhlulzadə küçəsində, 7 nömrəli tam orta məktəbin qarşısında baş verib.
Görüntülərdə “99-TX-288” dövlət nömrə nişanlı, “Toyota Aqua” markalı avtomobilin sürücüsü ərazidəki piyadalara və qarşıdan gələn avtomobilə məhəl qoymadan sərt və təhlükəli manevr edərək yüksək sürətlə hərəkətini davam etdirir.
Hadisə şahidlərindən birinin sözlərinə görə, həmin vaxt ərazidə məktəblilər də daxil olmaqla bir çox insan olub. “Bu sürücü məktəb qarşısında belə hərəkət edir. İnsanların həyatı bu qədərmi ucuzdur?” – deyə vəziyyətdən narazı şəxs bildirib.
Qeyd edək ki, yol hərəkəti ilə bağlı qanuna əsasən, belə manevrlər yol hərəkəti iştirakçıları üçün birbaşa təhlükədir və avtoxuliqanlıq sayılır.
Gülbəniz Səfərova