media-inshot_20250819_101128944

Yayın sərinləşdirici nemətlərindən biri olan xiyar bəzən gözlədiyimiz kimi şirin-təravətli olmur, əksinə, acı dadı ilə adamı məyus edir.

Patrulaz.az-ın araşdırmasına görə, bunun səbəbi təsadüfi deyil.

Alimlər bildirir ki, xiyarın acılığı “kukurbitasin” adlı təbii maddədən qaynaqlanır. Normalda bu maddə çox az miqdarda olur və dadı hiss edilmir. Ancaq müəyyən şəraitdə onun miqdarı artır və nəticədə tərəvəz acılaşır.

Ən əsas səbəblərdən biri isti hava və quraqlıqdır. Xiyar torpaqda yetərincə su tapa bilməyəndə “stressə düşür” və özünü qorumaq üçün kukurbitasin ifrazını artırır. Nizamsız suvarma, günəş altında uzun müddət qalma və hətta xiyarın sortu da bu dad dəyişikliyinə təsir göstərir. Maraqlıdır ki, acılıq adətən xiyarın uc hissəsində və qabığında daha çox toplanır.

Bu səbəbdən xiyarın uclarını kəsmək və qabığını soymaq çox vaxt xoşagəlməz dadı aradan qaldırır. Deməli, xiyarın acılığı təsadüfi bir hal deyil, təbiətin bu tərəvəzə verdiyi özünəməxsus müdafiə mexanizmidir.

Ləman Sərraf


Bənzər xəbərlər