Yataq və yastıq seçimi boyun və bel ağrılarına necə təsir edir? - Fizioterapevtdən AÇIQLAMA
Səhər saatlarında bel və ya boyun ağrısı ilə oyanmaq hər zaman gün ərzindəki fiziki yüklənmə ilə bağlı olmur. Mütəxəssislər bildirirlər ki, bir çox hallarda əsas səbəb düzgün seçilməyən yataq və yastıq olur. Yanlış seçimlər gecə ərzində onurğaya əlavə yük yaradır və əzələlərin tam dincəlməsinə maneə törədir.
Məsələ ilə bağlı uzman fizioterapevt Əziz Dəvrişov Patrul.az-a açıqlamasında bildirib ki, onurğanın təbii əyriliklərinin yuxu zamanı qorunması vacibdir.

Onun sözlərinə görə, həddindən artıq yumşaq yataqda bel çökür, bu isə bel lordozunun artmasına və disklərlə faset oynaqlara düşən yükün çoxalmasına səbəb olur. Çox sərt yataqda isə çiyin və çanaq nahiyələrində təzyiq artır, nəticədə bədən gecə boyu gərgin qalır.

Mütəxəssis qeyd edir ki, ən uyğun seçim bədəni sıxmadan dəstəkləyən və onurğanın neytral vəziyyətini qoruyan orta sərtlikdə yataqlardır. Yastıq seçiminin də boyun sağlamlığı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayan fizioterapevt bildirir ki, çox hündür yastıq boynu önə əyir, çox alçaq yastıq isə kifayət qədər dəstək vermir. Bu isə boyun tutulması, baş ağrısı və çiyin gərginliyi ilə nəticələnə bilər.
Onun tövsiyəsinə görə, yan üstə yatanlar boyun üçün orta hündürlükdə yastıqdan istifadə etməli və dizlər arasına əlavə yastıq qoymalıdır. Arxası üstə yatanlar üçün boyun dəstəyi olan yastıq və diz altına nazik yastıq daha uyğundur. Üzü üstə yatmaq isə boyun və bel üçün ən zərərli mövqelərdən biri hesab olunur.
Qeyd olunur ki, uyğun olmayan yataq və yastıq seçimi zamanla bel və boyun ağrılarını xronikləşdirə, həmçinin yuxu keyfiyyətini ciddi şəkildə poza bilər. Mütəxəssislər xatırladır: onurğa da istirahətə ehtiyac duyur və gecə düzgün dəstəkləndikdə gündüz bədəni ağrı ilə deyil, enerji ilə daşıyır.
Günay Salayeva






