media-inshot_20260113_161416175

Yatmazdan əvvəl qəhvə içməyin zərərsiz bir vərdiş olduğu düşünülür, amma işin elmi tərəfi tamam başqa şey deyir. 

Patrul.az-ın araşdırmasına görə, qəhvənin tərkibindəki kofein sinir sistemini stimullaşdıran güclü maddədir və əsas işi bədəni “oyaq rejiminə” salmaqdır. Günün aktiv saatlarında bu təsir faydalı ola bilər, lakin gecə saatlarında içilən qəhvə orqanizmin təbii ritmini pozur.

Kofein beyində yuxu hissini yaradan adenozin hormonunun təsirini bloklayır. Nəticədə insan özünü yorğun hiss etsə belə, beyin yuxuya keçməkdə çətinlik çəkir. Bu da yuxuya getmə müddətini uzadır, yuxunu səthi və tez-tez bölünən hala gətirir. Ən pisi isə odur ki, insan səhər oyandıqda kifayət qədər yatdığını düşünsə belə, orqanizm tam dincəlmiş olmur.

Bundan başqa, kofeinin təsiri hər kəsdə eyni olmur. Bəzi insanlarda qəhvə içildikdən 6–8 saat sonra belə təsirini saxlaya bilir. Yəni axşam saat 8-də içilən bir fincan qəhvə gecə yarısı beyində hələ də “iş başında” ola bilər. Xüsusilə stresli, narahat düşüncələrə meyilli insanlarda bu, gecə boyu səbəbsiz oyanmalara və səhər halsızlığına səbəb olur.

Yatmazdan əvvəl qəhvə içmək ürək döyüntüsünü sürətləndirə, təzyiqi artıra və mədə turşusunu çoxalda bilər. Bu da gecə ürək yanması, narahatlıq hissi və hətta panikaya bənzər hallar yarada bilər. Bədən istirahətə hazırlaşmaq əvəzinə, sanki fövqəladə vəziyyətə düşmüş kimi reaksiya verir.

Qısası, əgər gecə isti içki istəyi varsa, qəhvəni yox, bitki çayını seçmək daha ağıllı qərardır.

Ləman Sərraf


Bənzər xəbərlər