media-inshot_20250807_150751083

Baş yastığa qoyulub, amma barmaqlar hələ də telefondadır. “Instagram”da bir “story”, “TikTok”da bir video… “Onsuz da yuxum gəlmir,” deyib, ekranın parıltısında gözlərimizi ovuruq. Amma elə bu “parıltı”dır ki, bizim yuxu hormonumuzu susdurur, beynimizi səhv siqnallarla aldadır.

Yuxuya gedə bilməməyimizin günahkarı bəzən stress, bəzən kofe, bəzən də ekran qarşısında keçirilən o “beş dəqiqəlik” vaxtdır. Amma sən demə, bu “beş dəqiqə” beyindəki saatı tamamilə pozur.

Yatmazdan əvvəl telefonla vaxt keçirmək yuxuya necə təsir edir?

Patrulaz.az melatonin düşməni olan ekran işığı barədə yazı hazırlayıb.

Melatonin nədir və niyə vacibdir?

media-inshot_20250807_145302609

Melatonin beynimizin kiçik bir vəziləsində (epifiz vəzisi) istehsal olunan, bədən saatımızı tənzimləyən bir hormondur. Günəş batanda melatonin ifrazı artır və bədən “yuxu vaxtıdır” siqnalı alır. Səhər gün işığı ilə bu hormonun səviyyəsi düşür və bədən oyanmağa hazırlaşır.

Lakin ekranlardan gələn mavi işıq, beynin bu təbii ritmini pozur. Telefon, planşet və noutbuk kimi cihazların ekranı gün işığına bənzər bir siqnal göndərir və beyin bu işığı səhər işığı kimi qəbul edir. Nəticədə melatonin istehsalı azalır, bədən hələ də “oyaq qalmalısan” rejimində qalır.

Telefonun düşmən olduğunu bilirik, bəs niyə əl çəkə bilmirik?

media-inshot_20250807_150512829

Çünki bu cihazlar təkcə texnologiya deyil, emosional təsəlli, diqqət yayındırıcısı, yorğun zehni dincəltmək üçün bir “qaçış nöqtəsi” kimi işləyir. Gecə saatlarında sosial şəbəkələrdə gəzinmək, mesajlaşmaq, video izləmək bir növ “mənə vaxt ayırmaq” kimi qəbul edilir.

Amma bu “özünə vaxt ayırma” adlandırdığımız davranış, bəzən özünü tükətmə ilə nəticələnir. Çünki beyindəki dopamin səviyyəsi (məmnuniyyət hormonu) bu fəaliyyətlərlə artır, beyin isə oyanıq qalmağa daha da həvəsli olur.

Mavi işığın görünməyən zərəri

media-inshot_20250807_145737301

Tədqiqatlar göstərir ki, yatmazdan 1-2 saat əvvəl ekran qarşısında vaxt keçirmək:

– Yuxuya getmə müddətini uzadır

– Yuxunun keyfiyyətini aşağı salır

– Yuxu dövrünü pozur (özəlliklə REM fazasını)

– Səhər yorğun və tükənmiş oyanmağa səbəb olur

Uşaqlar və yeniyetmələr bu təsirdən daha çox əziyyət çəkir. Gecə telefonla məşğul olan məktəblilər arasında depressiya, diqqət pozğunluğu və gündəlik fəaliyyətlərdə enerjisizlik halları daha çox müşahidə olunur.

Yuxu problemi, yoxsa həyat keyfiyyəti problemi?

media-inshot_20250807_145906547

Yuxu təkcə “gözlərin bağlanması” deyil, bədənin və beynin bərpasıdır. Gecələr lazımi hormonlar ifraz olunur, yaddaş güclənir, stress azalır, orqanizmin immun sistemi möhkəmlənir. Amma telefonun parlaq işığı bu prosesi sabotaj edir.

İnsanlar yuxu problemi yaşadıqlarını deyirlər, amma səbəbi bəzən çox sadədir: yatmazdan əvvəl ekrana baxmaq.

Bəs bu zərərli vərdişdən qorunmaq üçün nə etməliyik?

Bu vəziyyətdən çıxış üçün kiçik, amma güclü addımlar mümkündür:

– Yatmazdan ən azı 1 saat əvvəl telefonu kənara qoy.

– “Night Shift” və ya “Blue light filter” funksiyasını aktivləşdir.

– Gecə masanın üstündə kitab saxla, ekran yerinə oxumağa üstünlük ver.

– Telefonu çarpayından uzaqda qoy və göz üçün zərərsiz ağıllı saatlar, mexaniki saatlar istifadə et.

– Əgər musiqi və ya meditasiya ilə rahatlaşırsansa, səsi avtomatik bağlanan tətbiqlərdən istifadə et.

Yekun olaraq, biz bəzən düşünürük ki, texnologiya bizi sərbəst və xoşbəxt edir. Amma əgər bu sərbəstlik bizi gecələr əsəbi, yorğun və yuxusuz qoyursa, bəlkə də texnologiya ilə münasibətimizi yenidən nəzərdən keçirməyin vaxtıdır.

Ləman Sərraf


Bənzər xəbərlər