Yaxın Şərqdə gərginlik neftin qiymətini yenidən artırdı
Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazının yenidən bağlanması qlobal enerji bazarına ciddi təsir edib.
Patrul.az xəbər verir ki, bölgədə baş verən hadisələr fonunda dünya bazarında neftin qiyməti kəskin bahalaşıb.
Belə ki, “Brent” markalı neftin qiyməti 7%-dən çox artaraq 95-104 ABŞ dolları aralığında ticarət olunub. ABŞ xam nefti də oxşar dinamika göstərərək bir barel üçün 95 dollar səviyyəsinə yüksəlib.
Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin iyun ayında tədarük şərti ilə “WTI” markalı neftin 1 barelinin qiyməti 5,91 dollar artaraq 87,47 ABŞ dolları təşkil edib.
ABŞ-nin Energetika Naziri Kris Rayt bildirib ki, benzinin ucuzlaşmasının davamlı olması üçün Yaxın Şərqdə münaqişənin başa çatması vacibdir. Onun sözlərinə görə, qiymətlərin 3 dollardan aşağı düşməsi zaman tələb edə bilər.
ABŞ Xəzinədarlıq Naziri Bessent isə daha nikbin mövqe sərgiləyərək qeyd edib ki, yay aylarında – iyun-sentyabr dövründə benzinin bir qallonunun (3,785 litr) yenidən 3 dollar civarına enməsi mümkündür. Hazırda ABŞ-də orta qiymət 4,11 dollar təşkil edir.
Qeyd edək ki, Hörmüz boğazı qlobal neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən 20%-ni təmin edir. Bu səbəbdən bölgədə hərbi nəzarətin güclənməsi enerji bazarları üçün “ən pis ssenari” kimi qiymətləndirilir.






