"Yaxın Şərqdəki müharibələr qlobal iqtisadiyyatı sarsıdır" - İqtisadçıdan xəbərdarlıq
“Yaxın Şərqdə baş verən müharibələr qlobal iqtisadiyyata bir neçə əsas istiqamətdə mənfi təsir göstərir”.
Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Patrul.az-a açıqlamasında deyib.
O bildirib ki, bu müharibələrin ən böyük təsirlərindən biri enerji bazarları ilə bağlıdır:
“Region dünya neft və qaz ehtiyatlarının böyük hissəsinə sahib olduğu üçün burada gərginlik artdıqda neft qiymətləri yüksəlir. Bu isə həm istehsal xərclərini artırır, həm də demək olar ki, bütün ölkələrdə inflyasiyanı gücləndirir.
Ticarət yollarının təhlükəsizliyi də ciddi problemə çevrilir. Xüsusilə dəniz yollarında risk artdıqda daşınma xərcləri yüksəlir, gecikmələr baş verir və bu da qlobal təchizat zəncirlərini pozur. Nəticədə məhsulların qiyməti artır və bəzi malların çatışmazlığı yaranır”.

Müharibələrin investorların inamınını azaltdığını qeyd edən iqtisadçı əlavə edib ki, qeyri-sabitlik şəraitində şirkətlər və investorlar riskdən qaçmağa çalışır:
“Bu da investisiyaların azalmasına səbəb olur. Kapital daha sabit regionlara yönəlir və münaqişə zonasına yaxın ölkələrin iqtisadi inkişafı zəifləyir.
Humanitar böhranlar da iqtisadi yük yaradır. Qaçqın axını qonşu ölkələrin sosial və iqtisadi sistemlərinə təzyiq edir. Dövlətlər əlavə xərclərlə üzləşir və bu, büdcə balansına mənfi təsir göstərir.
Turizm və xidmət sektorları da zərər görür. Regionda təhlükəsizlik riski artdıqca turist axını azalır və bu sahədən gəlir əldə edən ölkələr ciddi itkilərlə üzləşir.
Bütün bu amillər birlikdə qlobal iqtisadi artımı zəiflədir, bazarlarda qeyri-müəyyənlik yaradır və uzunmüddətli perspektivdə dünya iqtisadi sabitliyinə mənfi təsir göstərir”.
Ləman Sərraf






