media-inshot_20250801_231756691

Günəş doğur, tətillər başlayır, insanlar küçələrə, çimərliklərə axışır. Hər şey daha parlaq, daha yüngül, daha romantik görünür. Elə bu dövrdə qəlblər daha tez isinməyə başlayır. Yay gələndə hava ilə birlikdə emosiyalar da qızışır. Bəs bu münasibətlər real sevgidirmi, yoxsa mövsümi ehtiyac?

Patrulaz.az mövzu ilə bağlı araşdırma edib.

Havalar qızışanda hislər dəmi alovlanır?

Araşdırmalar göstərir ki, yay aylarında insanlar daha açıq, sosial və romantik davranışlar sərgiləyirlər. Bunu stimullaşdıran əsas faktorlar bunlardır:

-D vitamininin artması ilə əhvalın yüksəlməsi

-Geyimlərin yüngülləşməsi – bədən dili daha açıq olur

-Tətil, festivallar, sosiallaşma imkanlarının çoxalması

-Rutin həyatın pozulması – beynin “macəra axtarışı” rejiminə keçməsi

Bütün bunlar birlikdə qısamüddətli, intensiv münasibətlərin yaranması üçün mükəmməl zəmin yaradır.

Sezon başa çatanda sevgi də bitir?

Bu cür münasibətlərin çoxu, təəssüf ki, yayla birlikdə buxarlanır. Psixoloq Dr. Helen Fisher bu münasibətləri “dopamin partlayışı ilə başlayan, amma real bağlılıq qurulmadan bitən əlaqələr” adlandırır.

Yay bitdikdə məktəb, iş, məsuliyyətlər geri qayıdır və bu münasibətlər gerçəklik qarşısında tez-tez dağılır.

Sevgidə sezon effekti psixoloji olaraq nə ifadə edir?

Bu fenomenə psixologiyada “situativ bağlanma” deyilir. İnsan müəyyən bir mühit və şərait daxilində müvəqqəti emosional yaxınlıq hiss edə bilər. Bu bağlanma:

-Əsl sevgi ilə qarışdırıla bilər

-Müvəqqəti olsa da, gerçək hislər yaşada bilər

-Münasibət bitdikdən sonra da insan üzərində emossional iz buraxa bilər

Yəni “yay sevgisi” hissiyat baxımından saxta deyil, amma davamlılıq baxımından zəif əsaslıdır.

Pop-kultura bu effekti necə istifadə edir?

Filmlərdə, seriallarda, musiqilərdə “yay münasibəti” mövzusu daim romantikləşdirilir. Məsələn:

• “Grease” filmi – Yay münasibətinin məktəb gerçəkləri ilə toqquşması

• “Call Me By Your Name” – Yayda başlayan və dərin iz buraxan münasibət

• “Summer Love” mahnıları – Yaddaşda nostalji hislər yaradan mövsümi eşqlər

Bunlar reallığı yansıtsa da, gənclərdə uzunmüddətli sevgi ilə mövsümi cazibə arasındakı fərqi qarışdırmağa səbəb ola bilir.

Mövsümi, amma mənasız deyil

Yay münasibətləri qısaömürlü ola bilər, amma bu onların mənasız olduğu anlamına gəlmir. Bəzən bir yay münasibəti insana özünü tanıtmaq, həyatında yeni səhifə açmaq və ya gələcək münasibətlərə hazırlaşmaq üçün lazım olan təcrübəni verir.

Əsas məsələ hissin nə qədər uzun sürdüyü deyil, o hislərlə necə baş etdiyindir. Odur ki, münasibətləri də bəzən ömürlük bir xatirəyə çevrilə bilər.

Ləman Sərraf


Bənzər xəbərlər