media-inshot_20260409_165956932

Yaz gələndə bir çoxumuz enerjimizin artdığını düşünürük. Amma maraqlıdır ki, məhz bu dövrdə baş ağrılarından şikayət edənlərin sayı da artır. Bu, təsadüfi deyil, yaz mövsümü orqanizm üçün həm də ciddi uyğunlaşma mərhələsidir.

Patrul.az-ın araşdırmasına görə, ilk səbəb hava şəraitinin dəyişkənliyidir. Yaz aylarında temperatur tez-tez dəyişir, atmosfer təzyiqi oynayır. Bu dəyişikliklər xüsusilə həssas sinir sistemi olan insanlarda damarların genişlənib-daralmasına səbəb olur. Nəticədə isə baş ağrıları, xüsusən miqren tutmaları daha tez-tez baş verir. Araşdırmalar göstərir ki, atmosfer təzyiqindəki ani dəyişikliklər beyində qan dövranını təsirləndirərək ağrı siqnallarını gücləndirə bilər.

İkinci faktor allergiyalardır. Yaz, polen mövsümüdür. Bitkilərin tozcuqları havada artdıqca allergik reaksiyalar da çoxalır. Burun tutulması, sinusların dolması və iltihab, bunların hamısı baş ağrısına yol aça bilər. Xüsusilə sinusitə meyilli insanlarda bu ağrılar daha güclü hiss olunur.

Üçüncü səbəb susuzluqdur. Hava isinməyə başladıqca bədən daha çox maye itirir, amma çoxumuz su qəbulunu artırmırıq. Yüngül dehidratasiya belə beyində qan axınını azaldaraq baş ağrısına səbəb ola bilər. Bu tip ağrılar adətən “cansıxıcı” xarakterdə olur və gün ərzində tədricən güclənir.

Digər vacib məqam yuxu rejiminin pozulmasıdır. Yazda günlər uzanır, insanlar daha gec yatır, bəzən səhərlər tez oyanır. Bu dəyişikliklər bioloji saatı pozur. Halbuki beyin sabit ritmi sevir, ritm pozulduqda isə nəticəsi çox vaxt baş ağrısı olur.

Bundan əlavə, günəş işığına məruz qalma da rol oynayır. Parlaq işıq bəzi insanlarda birbaşa miqreni tətikləyə bilər. Xüsusilə uzun müddət günəş altında qalmaq, gün eynəyi istifadə etməmək bu riski artırır.

Bəs nə etməli?

Bunun üçün sadə, amma effektiv qaydalar var:

– Gün ərzində kifayət qədər su içmək;

– Günəşdən qoruyucu eynək istifadə etmək;

– Yuxu rejimini mümkün qədər stabil saxlama;

– Allergiyaya qarşı tədbirlər görmək;

– Kəskin hava dəyişikliklərində bədəni yormamaq.

Əlbəttə ki, yaz gözəldir, amma bədən bu gözəlliyə uyğunlaşmaq üçün vaxt istəyir. Əgər bu siqnalları, xüsusən də tez-tez təkrarlanan baş ağrılarını görməzdən gəlsək, problem böyüyə bilər.

Ləman Sərraf


Bənzər xəbərlər