media-inshot_20251225_125710099

Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında “onlayn mağaza” adı altında fəaliyyət göstərən ayrı-ayrı səhifələr vasitəsilə vətəndaşların aldadılması və əvvəlcədən ödəniş etdikdən sonra pul vəsaitlərinin mənimsənilməsi halları müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu cür səhifələr əsasən Yeni il ərəfəsində daha aktiv fəaliyyət göstərir, “xüsusi bayram endirimi”, “məhdud sayda məhsul”, “yalnız bu gün üçün kampaniya” kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşların diqqətini cəlb etməyə çalışırlar. Sifariş qəbul edildikdən sonra isə məhsullar göndərilmir, səhifələr deaktiv olunur və ya vətəndaşlarla əlaqə tamamilə kəsilir. 

Sosial şəbəkələrdə saxta “onlayn mağazalar” vasitəsilə əvvəlcədən ödənişlərin mənimsənilməsi kimi kiberdələduzluq hallarının qarşısını almaq üçün nə etmək lazımdır?

Bu barədə İT mütəxəssisi Natiq Məmişov Patrul.az-a açıqlamasında bildirib ki, ilk olaraq mağazanın rəsmi sayt və əlaqə məlumatlarını yoxlamaq, səhifənin etibarlılığını qiymətləndirmək vacibdir:

“İlk olaraq mağazanı yoxlamaq lazımdır. Yeni daxil olub səhifəyə baxdıqda rəsmi sayt ünvanı, əlaqə nömrəsi, “Biz kimik” bölməsi və rəsmi hüquqi məlumatların olub-olmadığına diqqət yetirilməlidir. Çox nadir yerlərin rəsmi saytı olur. Məsələn, kurslarla bağlı səhifələrdə tələbələrin verdiyi qiymətləndirmələrə baxmaq, saytının olub-olmadığını və saytın normal şəkildə fəaliyyət göstərib-göstərmədiyini yoxlamaq lazımdır”.

media-img-20251225-wa0037

Mütəxəssislərin tövsiyəsinə görə, profilin etibarlılığı, şərhlər, ödəniş üsulu və şəxsi məlumatların qorunması diqqətlə yoxlanılmalıdır:

“Profilə də diqqət yetirilməlidir: səhifənin nə vaxt açıldığı önəmlidir. Bunu biz xüsusilə fal səhifələrində tez-tez görürük – 2–3 aylıq, yeni yaradılmış səhifədirsə, bu, saxta olma ehtimalını artırır. Şərhləri araşdırmaq vacibdir: real müştərilərin rəyləri, storylərdə paylaşılan sifarişlər, feedbacklər, eləcə də həmin yerin Google Maps-də çıxıb-çıxmaması yoxlanılmalıdır və s.Ödəniş məsələsi də xüsusi diqqət tələb edir. Mümkündürsə, yerində ödəniş etmək daha təhlükəsizdir. Məsələn, güvəndiyiniz yerdirsə, beh vermək olar, lakin əsas ödəniş məhsul çatdırıldıqdan sonra edilməlidir.Bu zaman şəxsi kart məlumatları qətiyyən paylaşılmamalıdır. Qarşı tərəfin kart nömrəsini alıb ödənişi etmək kifayətdir. Əslində real praktikada kartdan-karta ödənişlərdə də diqqətli olmaq lazımdır. Bu cür hallarda qarşı tərəfin məlumatlarını – ad, soyad və mümkün olduqda digər əlaqə məlumatlarını almaq vacibdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər