Zəhərli tüstü Sumqayıtda havanı korlayır – Sakinlər etiraz edir - VİDEO
Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində fəaliyyət göstərən müəssisələrin havaya buraxdığı qatı və qara tüstü əhali arasında ciddi narahatlıq yaradıb.
Patrulaz.az-a daxil olan məlumatlara görə, tüstü əsasən axşam saatlarında daha da güclənir və yaşayış evlərinə qədər yayılır. Sakinlər bildirirlər ki, nəfəslik qalmayıb, qapı-pəncərə açmaq mümkün deyil. Tüstü ilə yanaşı yayılan pis qoxu isə insanların sağlamlığına birbaşa təhlükə yaradır.
Görüntülərdə də zavoddan çıxan tüstünün miqyası açıq-aşkar görünür.
Məsuliyyət kimdədir?
Ətraf mühitin bu şəkildə çirklənməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən hələlik rəsmi açıqlama verilməyib. Sakinlər isə tələb edirlər ki, zavodun fəaliyyəti dərhal yoxlanılsın və ərazi üzrə hava keyfiyyəti ölçülsün.
Patrulaz.az məsələni diqqətdə saxlayır.






