media-inshot_20250806_112523327

Sosial şəbəkələrin sürətlə yayıldığı bir dövrdə gənclər üçün uğur daha əlçatan görünür. Bir “TikTok” videosu ilə yüz minlərlə izləyici, bir “YouTube” kanalı ilə sponsorluq müqavilələri… Artıq kimsə 10 il oxuyub, təcrübə yığıb uğur qazanan birinə heyran olmur. Bunun əvəzinə 17 yaşında 20 saniyəlik video çəkib bir gecədə fenomen olan biri daha çox diqqət cəlb edir.

Bu “ani uğur” doğrudanmı realdır, yoxsa bu bir mifdir?

Patrulaz.az mövzu barədə bir qədər araşdırma edib.

“İnstant fame” nədir və niyə bu qədər cəlbedicidir?

“İnstant fame”, yəni ani məşhurluq əsasən sosial media platformaları üzərindən məşhurlaşan insanların fenomenini təsvir edir. Məzmun istehsalçısı olmaq üçün artıq jurnalist, aktyor, yazıçı, hətta istedad sahibi olmaq da şərt deyil. Kamera, internet və bəzən sadəcə bədən dili kifayətdir.

Bu trendin gənclər arasında populyarlaşmasının əsas səbəbləri:

– Tanınmaq ehtiyacı – Sosial qəbul görmək, “mən də varam” demək.

– “Effort-free” illüziyası – Zəhmət çəkmədən zəngin və məşhur olmaq arzusu.

– Qısa zaman, böyük nəticə – Sürətli həyat ritmində “uzun yol” artıq cazibədar deyil.

Psixoloji təsir: Dəyər axtaran nəsil, dəyərsizləşmiş məqsədlər

Bu mif gənclərdə uğura və öz potensialına qarşı yanlış gözləntilər yaradır. Real həyatda tədricən formalaşmalı olan özünə inam, motivasiya və mübarizə hissi yerini tez əldə edilən, tez də itirilən uğurlara verir.

Amerikalı psixoloq Jean Twenge bunu “narsist nəsil paradoksu” adlandırır – gənclər getdikcə daha çox özlərini mərkəzə qoyur, amma eyni zamanda daha çox narahat və depressivdirlər. Niyə? Çünki uğur adı verdikləri şeyin bəzən sadəcə alqoritm qərarı olduğunu görürlər.

“TikTok”, “YouTube” və sosial media alqoritmlərinin rolu

Bu platformalar insanlara sadəcə məzmun yaratmaq fürsəti deyil, həm də bir illüziya təqdim edir: “Əgər bu kontent trendə düşərsə, sən də məşhur olarsan”.

Amma alqoritmlər həmişə ədalətli işləmir. Məşhurlaşan kontentlərin çoxu emosional reaksiyaya səbəb olan (şok, gülüş, qəzəb), fiziki cəlbedicilik üzərindən qurulan, trendləri təkrarlayan məzmunlardır.

Bu da məzmunun keyfiyyətini deyil, populyarlığını əsas kriteriya kimi təqdim edir.

Həqiqi uğur nədir və gənclər nəyi bilməlidir?

Sürətli məşhurluq cazibədar görünə bilər, amma möhkəm təməllər üzərində qurulmayan heç nə davamlı deyil. Gənclər bilməlidir ki, real uğur zaman və əziyyət tələb edir. Məşhurluq və dəyərli olmaq fərqli anlayışlardır. Həmçinin, “viral olmaq” məqsəd deyil, nəticə ola bilər.

Məşhur olmaq yox, təsir yaratmaq

Əgər məqsəd sadəcə məşhur olmaqdırsa, bu yolda çox şey itə bilər – şəxsiyyət, dəyərlər, hətta psixoloji sağlamlıq.

Amma təsir yaratmaq, fayda vermək, iz qoymaq üçün daha dərin və davamlı bir yol seçilməlidir. Sosial media məşhurlaşmaq üçün vasitə ola bilər. Amma bu vasitə heç kimin həyatını yalan bir mifə çevirməməlidir.

Ləman Sərraf


Bənzər xəbərlər