media-photo-output

Son günlərdə dünya zəlzələ təhlükəsi ilə üz-üzə qalıb. Rusiyanın Kamçatka yarımadasında baş verən 8 bal gücündə zəlzələ Yaponiyanın sahillərini də hərəkətə gətirdi. Bu cür güclü zəlzələlər yalnız yeraltı təkanlarla kifayətlənmir, eyni zamanda sunami, vulkan püskürməsi, heyvanların kütləvi ölümü və digər fəlakətlərin də baş verməsinə səbəb olur.

Bu gün isə Azərbaycanın Kəlbəcər rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb. Qonşu Türkiyədə isə yeraltı təkanlar demək olar ki, gündəlik hal alıb.

Bəs belə hallarda insanlar özlərini necə qorumalıdır?

Məsələ ilə bağlı Patrulaz.az-a açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, hər bir insan zəlzələ zamanı yalnız fiziki yox, eyni zamanda psixoloji cəhətdən də hazırlıqlı olmalıdır.

“Təssüf ki, biz çox vaxt təbii fəlakətləri yalnız baş verdikdən sonra ciddiyə alırıq. Amma zəlzələnin nə zaman, harada baş verməsi sual altındadır. Zəlzələ qəflətən baş verən, bir neçə saniyə ərzində davam edən və yeraltı təkanlara səbəb ola bilən təbiət hadisəsidir. Amma əmin olun ki, zəlzələnin özü insan itkisinə səbəb olmur, ona hazırlıqsız olduqda faciələr baş verir.

Təssəvür edin ki, gecədir, yatırsınız və ev sakitdir. Bu zaman birdən hərşey sirkələnməyə başlayır və zəlzələ baş verir. O anda siz nə edəcəksiniz? Uşağınızı necə qoruyacaqsınız? Ehtiyyat çantanız varmı?Həyatımız bu sualların cavabı ilə zəlzələdən xilas ola bilər”.

O. Musayevin sözlərinə görə, ölkəmizdə, xüsusilə zəlzələyə davamlı olmayan binalar təhlükə mənbəyidir:

“Bu gün ölkəmizdə istismarına dövlət qrumları tərəfindən icazə verilməyən bəzi binalar var. Bu zəlzələyə tab gətirəməyən tikililərdir. Ancaq zəlzələ zamanı binaların dayanıqlığı ilə yanaşı, insanların da nə etməli olduğu onlara məlum deyil. Binalar mütləq möhkəm tikilməlidir. Türkiyədə baş verən zəlzələnin nəticələri onu göstərdi ki, təhlükəsizlik sadecə standart doldurma yox, insan həyatını qorumaq üçün nəzərə alınmalıdır. Bina tikintisi edənlər onun estetikasına deyil, dayanıqlığına diqqət yetirməlidir”.

Ekspert, həmçinin açıqlamasında ailə üzlərinin zəlzələ məsələsini müzakirə etməyi, o cümlədən bütün təhsil ocaqlarında bununla bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd etdi:

“Zəlzələ zamanı çox adam panikaya düşərək, qışqırır, qaçır, liftə üz tutur…Bunlar isə təhlükənin yaranma risqini daha da artırır. Halbuki bu zaman əyilərək başı qorumaq lazımdır. Evdə təhlükəsiz yeri əvvəlcədən müəyyənləşdirmək lazımdır, çünki orada sabit dayanmaq risqləri azaldar. Stol varsa, onun altında özünü qorumaq olar. Əgər stol uzaqdadırsa, bu zaman divarın təhlükəsiz yerlərində diz çöküb başımızı qoruyaraq dayanmaq məsləhətlidir.

Ən əsası evdə ailə üzvləri bir-birləri ilə  “Zəlzələ olsa, kim hansımızı gözləyəcək?” “Harada toplaşacayıq?” “Piləkan istifadəyə yararsız olsa, nə edəcəyik?”, tipli sualları əhatə edən zəlzələ barəsində müzakirələr aparmalıdırlar. Bir sözlə, valdeynlər bu barədə uşaqlarla maariflənmə aparmalıdır. Bunun üçün valdeynlər özləri də zəlzələyə hazır olmalıdılar. Hər evdə kiçik bir zəlzələ  çantası hazırlanmalı, onun içində su, quru yemək, sənəd nüxsələri, telefon adapteri, dərman ləvazimatları, fənər və fit olmalıdır.

Ümumiyyətlə, bağça və məktəblərdə uşaqlara zəlzələ zamanı davranış normaları öyrədilməlidir. Hətta, müəllimələr belə bu təbii fəlakətin baş verəcəyi zamanı uşaqları necə qorumalı olduqlarını bilmirlər. Ona görə də, bu sahədə maarifləndirmə təhsil müəssisələrindən başladılmalıdır. Bir sözlə, zəlzələyə həm psixi, həm də fiziki cəhətdən hazır olmalıyıq. Bu təbii fəlakətin nə vaxt baş verəcəyi məlum olmasa da, biz buna hazırlıqlı olsaq, çox da qorxulu hadisələr baş verməz”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər