media-9970868b-f75e-4d96-abf7-e60a7b6024ce

“Naxçıvan Muxtar Respublikası tarixi boyunca mühüm geostrateji mövqeyə malik olub. Xüsusilə 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzkar siyasəti nəticəsində Naxçıvan blokadaya düşdü. O dövrdə SSRİ-nin dağılması fonunda Ermənistan Naxçıvanı tamamilə təcrid etmək üçün dəmiryolu və avtomobil yollarını bağladı, enerji və ərzaq təchizatını dayandırdı. Bunun nəticəsində Naxçıvan ağır sosial-iqtisadi problemlərlə üzləşdi, elektrik enerjisi və yanacaq çatışmazlığı yarandı. Məhz belə bir çətin dövrdə, 1990-cı ilin yanvar ayında Ümummilli Lider Heydər Əliyevin Naxçıvana gəlişi muxtar respublikanın taleyində həlledici rol oynadı”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva deyib.

media-img_6983

Deputat bildirib ki, Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildikdən sonra bölgənin müdafiəsinin təşkilini öz üzərinə götürdü: “Onun rəhbərliyi altında Naxçıvanın təhlükəsizliyi gücləndirildi, hərbi səfərbərlik elan olundu və Naxçıvan xalqı vahid bir güc kimi mübarizəyə başladı. O dövrdə atılan ən mühüm addımlardan biri də Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi şəkildə Naxçıvan Ali Məclisində dövlət bayrağı kimi qaldırılması oldu.

Bu çətin dövrdə Naxçıvanın xilasında Türkiyənin yardımları xüsusi qeyd olunmalıdır. Ermənistanın blokadası şəraitində Naxçıvana qardaş Türkiyə böyük dəstək göstərdi. 1992-ci ildən etibarən Türkiyə Naxçıvana elektrik enerjisi və humanitar yardımlar göndərməyə başladı. Eyni zamanda, Sədərək–Dilucu yolu ilə Naxçıvanla Türkiyə arasında ticarət və təchizat əlaqələri quruldu. Bu dəstək Naxçıvanın blokada şəraitində dirəniş göstərməsində və ayaqda qalmasında mühüm rol oynadı.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanın blokadadan tam çıxarılması istiqamətində mühüm layihələr həyata keçirilir. 2024-cü ilin fevral ayında İğdır-Naxçıvan qaz boru kəmərinin açılışı məhz bu strateji prosesin tərkib hissəsidir. Bu layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Türkiyə-Azərbaycan qardaşlığını daha da möhkəmləndirir. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması Naxçıvanın tam şəkildə blokadadan çıxmasını təmin edəcək və regionun iqtisadi inkişafını sürətləndirəcək.

Bu tarixi proseslər bir daha sübut edir ki, Naxçıvan xalqı həm Heydər Əliyevin müdrik liderliyi dövründə, həm də Prezident İlham Əliyevin rəhbərliyi altında öz dövlətçiliyini qoruyub saxlamaq və inkişaf etdirmək əzmini nümayiş etdirib. Qardaş Türkiyənin göstərdiyi dəstək isə bu çətin yolda Azərbaycanın ən böyük güvənc mənbələrindən biri olub və olmağa davam edir”.

Səbinə Hüseynli


Bənzər xəbərlər