Zərərsiz hesab etdiyimiz yaşıl çayın təhlükəli tərəflər də varmış...
Yaşıl çay sağlamlığa faydaları ilə tanınsa da, bəzi hallarda onun qəbulu orqanizmənə zərər verə bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, yaşıl çay dərmanlarla və bəzi qida əlavələri ilə birləşdikdə onların təsirini azalda və udulmasına mane ola bilər.
Patrulaz.az-ın məlumatına görə, yaşıl çayın tərkibindəki güclü antioksidant – epigallocatechin gallate (EGCG) ürək sağlamlığından tutmuş çəkinin idarə olunmasına qədər bir çox faydalar versə də, müəyyən hallarda dərmanların bədəndə işlənməsinə təsir göstərə bilir. Dərman qəbul edən şəxslərə çay içmə vaxtını düzgün seçmək tövsiyə olunur.
Dəmir çatışmazlığı olanlar üçün risk
Qadınlarda, vegetarianlarda və yaşlılarda geniş yayılmış dəmir çatışmazlığı səbəbilə dəmir əlavələrindən istifadə edən şəxslərin yaşıl çay qəbulunda diqqətli olması tövsiyə edilir. “Frontiers” jurnalında dərc olunan araşdırma göstərir ki, yaşıl çay kişilərdə və postmenopozal qadınlarda serum ferritin səviyyəsini aşağı sala bilər. Bu təsir çay yemək zamanı və ya yeməkdən dərhal sonra qəbul edildikdə daha çox hiss olunur.
B vitaminlərinin udulmasına mane ola bilər
Araşdırmalara əsasən, yaşıl çay B12 və fol turşusunun udulmasını zəiflədə bilər. Çayın tərkibindəki kofein və polifenollar fol turşusunun aktiv formaya çevrilməsi prosesini ləngidir. Çay və qəhvədə olan taninlər xüsusilə B12 vitamininin udulmasını azalda bilir. Bu təsir daha çox gündə çox miqdarda yaşıl çay istehlak edənlərdə müşahidə olunur.
Qan durulaşdıran dərmanlarla birlikdə təhlükəli ola bilər
Yaşıl çayın tərkibində az miqdarda olsa da, K vitamini mövcuddur. Məhz buna görə qan durulaşdıran dərmanlar içən şəxslərdə dərmanın təsirini zəiflətmə riski yaranır. Bundan başqa, balıq yağı, sarımsaq və jenşen kimi əlavələrlə birlikdə qəbul olunduqda da qan laxtalanmasına təsir göstərə bilər.
Ürək və təzyiq dərmanları ilə qarşılıqlı təsirə girir
Yaşıl çay kofein, teobromin və teofilin kimi stimulyatorlar ehtiva edir. Bu maddələr bəzi şəxslərdə ürək döyüntüsünü və təzyiqi artırır. PubMed Central -beynəlxalq tibbi araşdırmaların toplandığı elmi məlumat bazasında dərc edilən araşdırmalara görə, yaşıl çayın bəzi ürək, təzyiq və xolesterol dərmanlarının təsirini dəyişdirə biləcəyini göstərir. Hətta sildenafil kimi bəzi dərmanların səviyyəsini artırdığı hallar qeyd olunub.
Mütəxəssislər yaşıl çay içən şəxslərə dərman və qida əlavələrinin qəbul vaxtını tənzimləməyi məsləhət görür. Dərmandan bir saat əvvəl və ya sonra çay içmək potensial qarşılıqlı təsirləri minimuma endirə bilər. Bununla belə, həkimlə məsləhətləşmədən qəbul vaxtında dəyişiklik etmək tövsiyə edilmir.






