media-inshot_20250728_120337708

Təsəvvür edin ki, bir gün oyanırsınız və artıq öldüyünüzə inanırsınız. Nə nəfəs aldığınızı, nə də orqanların işlədiyini hiss edirsiniz. Bədəninizin çürüdüyünü, ruhunuzun bədəndən ayrıldığını düşünürsünüz. Real dünya artıq sizə aid deyil. Bu bir kabus deyil – Cotard sindromunun iç üzüdür.

Bəs Cotard sindromu nədir?

media-yuruyen-ceset-sendromu-2

Patrulaz.az-ın məlumatına görə, cotard sindromu, insanın öz varlığını inkar etdiyi, bəzən isə artıq öldüyünə və ya bədəninin müəyyən orqanlarının yox olduğuna inandığı nadir, amma bir o qədər də təsirli psixi pozuntudur. Bu xəstələrdən bəziləri düşünür ki, beyinləri, ürəkləri və ya qanları yoxdur, digərləri isə daha irəli gedərək özlərini ölü, bəzən hətta cəhənnəmdə hesab edirlər. Bu sindrom ilk dəfə 1880-ci ildə fransız nevroloq Jules Cotard tərəfindən təsvir olunub və onun adını da daşıyır.

Simptomları isə olduqca dramatikdir. Ən səciyyəvi əlamətlərə özünü ölü hesab etmək, orqanlarının yoxa çıxdığını düşünmək, qidadan imtina etmək, reallıqdan və sosial mühitdən tam təcrid olunmaq daxildir. Hətta bəzən paradoksal olaraq ölməz olduğunu iddia edən xəstələr də olur.

Səbəb nədir?

media-6175d14645d2a0a10418bde1

Sindromun yaranmasına əsas səbəblər arasında psixotik depressiya, şizofreniya, nevroloji zədələnmələr, insult, epilepsiya və travmatik beyin xəsarətləri dayanır. Tədqiqatlara görə, Cotard sindromu zamanı beynin emosiya və identifikasiya proseslərinə cavabdeh olan sahələrində – xüsusilə amigdala və fusiform girusda – funksional pozğunluqlar müşahidə olunur. Bu da xəstənin öz bədənini və varlığını dərk etməsində ciddi problemlər yaradır.

Cotard Sindromu olan bir xəstənin hekayəsi

media-inshot_20250728_120136831

Tibb tarixində Cotard sindromu ilə bağlı saysız maraqlı hallar qeydə alınıb. Məsələn, 53 yaşlı bir qadın özünü ölü hesab edib, yeməkdən imtina edib və məzarının üstündə gəzdiyinə inanıb. Mühalicə üçün elektrokonvulsiv terapiya və antidepresanlardan istifadə olunub və nəticədə vəziyyəti stabilləşib.

Bəs bu sindrom müalicə edilə bilərmi?

media-ben-aslinda-yokum-cotard-sendromu

Bəli. Həkimlər bu xəstəliyin qarşısını almaq və simptomları yüngülləşdirmək üçün əsasən antidepresanlar, antipsikotik dərmanlar və elektrokonvulsiv terapiyadan istifadə edirlər. Eyni zamanda psixoterapiya və sosial dəstək xəstənin reallıqla yenidən əlaqə qurmasına yardımçı olur.

Cotard sindromu bizə psixikanın nə qədər həssas olduğunu göstərir. Bir insan canlı ola-ola özünü ölü hesab edirsə, bu, təkcə bioloji deyil, eyni zamanda dərin emosional bir boşluğun göstəricisidir. Cəmiyyətin bu xəstələrə anlayışla yanaşması, onları yarğılamadan dinləməsi çox vacibdir. Axı insan bəzən sadəcə yaşamaq deyil, var olduğunu hiss etmək istəyir.

Ləman Sərraf


Bənzər xəbərlər