media-inshot_20251211_104959132

11 dekabr – Beynəlxalq Dağlar Günü, sadəcə təqvimdə bir tarix deyil. 

Patrul.az bu kontekstdə kiçik bir araşdırma edib.

BMT-nin 2002-ci ili “Beynəlxalq Dağlar ili” elan etməsi ilə başlanan proses dünyaya dağların nə qədər həyati önəm daşıdığını xatırlatdı. Bu təşəbbüsün davamı olaraq 2003-cü ildən etibarən hər il 11 dekabrda dağların ətraf mühit, su ehtiyatları, kənd icmaları, iqlim və qlobal ekosistemlər üçün oynadığı rol diqqət mərkəzinə çəkilir. Çünki dağlar təkcə mənzərə deyil, milyonlarla insanın həyatı, minlərlə canlı növünün varlığı həmin yüksəkliklərdən asılıdır.

Dağlar iqlimin tənzimlənməsində, təmiz su ehtiyatlarının qorunmasında, kənd təsərrüfatına dəstək verən təbii sistemlərin işləməsində əhəmiyyətli paya malikdir. Lakin son illər iqlim dəyişikliyi, torpaq sürüşmələri, meşələrin məhvi, nəzarətsiz turizm kimi problemlər dağ ekosistemlərini daha həssas vəziyyətə salıb. Bu günün məqsədi məhz həmin problemlərə diqqət çəkmək, dövlətləri və cəmiyyətləri dağların qorunması üçün daha ciddi addımlar atmağa təşviq etməkdir.

Beynəlxalq Dağlar Günü həm də dağlarda yaşayan insanların – çətin şəraitdə həyat sürən icmaların sosial, iqtisadi və mədəni hüquqlarını gündəmə gətirir. Onların ənənələrini, həyat tərzini və dağ mədəniyyətini qorumaq, davamlı inkişaf imkanları yaratmaq bu günün əsas mesajlarındandır.

Ləman Sərraf


Bənzər xəbərlər