16 yaşlı yeniyetmə bacısını qaçırmaq istəyən 24 yaşlı oğlanı güllələyərək öldürdü
Türkiyədə 16 yaşlı yeniyetmə bacısını qaçırmaq istədiyi iddia edilən şəxsi güllələyərək öldürüb.
Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, Samsunda 16 yaşlı yeniyetmə bacısıyla evlənmək istəyən 24 yaşlı Okan Doğan Torunla söhbət etmək üçün onun işlədiyi mağazaya gəlib. Tərəflər arasında yaranan gərgin mübahisə nəticəsində yeniyetmə silahı ilə Okan Doğan Toruna atəş açıb. Güllə sinəsindən dəydiyi üçün o ağır yaralanıb və hadisə yerindən qaçaraq yaxınlıqdakı kitab mağazasına sığınıb.
Hadisənin şahidlərinin verdiyi məlumata əsasən, yeniyetmə onu küçə ilə təqib edərək ikinci dəfə atəş açıb. Bu zaman güllələrdən biri təsadüfən mağaza qarşısında oturan başqa şəxsə dəyib və o da ayağından yaralanıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Lakin 24 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Samsun vilayətinin polis idarəsi tərəfindən yayılan açıqlamada bildirilb ki, şübhəli yeniyetmə hadisədən qısa müddət sonra bölgəyə yaxın ərazidə saxlanılıb və silahı müsadirə olunub.
Qeyd edək ki, hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırmalara başlanılıb. Hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi ehtimal edilir.






