19 yaşlı gənc sosial medianın məşhur oyunu zamanı həyatını itirdi
Yeni Zelandiyada bir gənc, sosial mediada populyarlaşan “toqquşma” oyunu zamanı baş nahiyəsinə aldığı ağır zərbə nəticəsində həyatını itirib.
Patrulaz.az Yeni Zelandiya mətbuatında yer alan məlumatlara istinadən xəbər verir ki, ölkənin Şimal adasında yerləşən Palmerston North şəhərində yaşayan Ryan Satterthwaite, sosial şəbəkələrdə trendə çevrilən və iştirakçıların heç bir qoruyucu vasitə olmadan bir-birlərinə doğru qaçaraq toqquşduqları “Run It” adlı oyunu dostları ilə oynayıb.
Təhlükəli olması səbəbindən mübahisələrə yol açan bu oyun zamanı 19 yaşlı Satterthwaite başından ağır zədə alıb və xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.
Rəsmilər hadisəni “faciə” adlandıraraq belə bir oyuna və ya tədbirə qatılmağı düşünən hər kəsi ciddi təhlükəsizlik və xəsarət risklərini nəzərə almağa çağırıblar. Hadisə ilə bağlı hər hansı cinayət halının olmadığı bildirilsə də, məsələyə dair məhkəmə-tibb ekspertizası davam etdirilir.
Qeyd edək ki, bu ölüm hadisəsi ötən həftə Oklend şəhərində keçirilən və qalibin 20 min Yeni Zelandiya dolları mükafat qazandığı “Run It Straight” yarışmasından sonra baş verib. Həmin tədbirdə iştirak edən iki nəfər şüurunu itirərək xəstəxanaya yerləşdirilmişdi.
Ləman Sərraf






