Süni intellekt su ehtiyatlarını “gizlicə” tükədir? - Mütəxəssisdən XƏBƏRDARLIQ
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu inkişaf bir tərəfdən imkanları genişləndirsə də, digər tərəfdən yeni ekoloji və sosial suallar doğurur. Xüsusilə iqlim dəyişikliyi və su ehtiyatlarının azalması fonunda, böyük texnoloji sistemlərin hansı resurslar hesabına işlədiyi diqqət mərkəzinə düşür. Süni intellektin arxasında dayanan nəhəng server mərkəzləri, onların enerji və soyutma ehtiyacları bu müzakirələri daha da aktuallaşdırır.
Bəs süni intellekt texnologiyalarının su resurslarından istifadəsi nə dərəcədə real problemdir və bu proses gələcəkdə hansı təhlükələrə yol aça bilər?
Bu mövzu ilə bağlı Aİ mühəndisi Dilarə Zamanova Patrul.az-a açıqlamasında bildirib ki, süni intellektin özü deyil, onu işlədən data mərkəzlərinin su sərfi su qıtlığı riskini artırır:
“Süni intellekt birbaşa su istifadə etməsə də, onu işlədən data mərkəzlərində serverlərin soyudulması üçün əhəmiyyətli həcmdə su sərf olunur. Xüsusilə iri miqyaslı AI modellərinin təlimi bu istehlakı artırır və su ehtiyatları məhdud olan regionlarda su qıtlığı riskini dərinləşdirə bilər. Problemin həlli süni intellektin məhdudlaşdırılmasında deyil, onun daha məsuliyyətli şəkildə idarə olunmasındadır”.

Ekspert həmçinin qey edib ki, süni intellektin davamlı gələcəyi üçün suya qənaət edən texnologiyaların tətbiqi və resurslara ağıllı yanaşma əsas şərtdir:
“Buraya suya qənaət edən soyutma texnologiyalarının tətbiqi, data mərkəzlərinin su bolluğu olan ərazilərdə planlaşdırılması və süni intellekt sistemləri üçün ekoloji təsir standartlarının məcburi hala gətirilməsi daxildir. Süni intellekt gələcəyin əsas texnologiyasıdır, lakin bu gələcək yalnız innovasiya ilə deyil, resurslara ağıllı yanaşma ilə davamlı ola bilər”.
Cəmilə Cəfərzadə






