4500 illik sirr həll olundu: Böyük Piramida zəlzələlərə buna görə tab gətirirmiş...
Qədim Misirin 4500 illik ən böyük mühəndislik möcüzələrindən biri sayılan Giza Böyük Piramidasının əsrlər boyu baş verən ən şiddətli zəlzələlərə necə tab gətirdiyi məlum olub.
Patrul.az xəbər verir ki, elm dünyasını uzun illərdir çaşdıran bu sirrin pərdəarxası tikilinin daxili mühəndislik elementlərində tapılıb.
Bu barədə məlumat 1 may 2026-cı il tarixində dünyanın ən nüfuzlu elmi jurnallarından biri olan Nature – Scientific Reports platformasında rəsmi olaraq dərc edilib.
Tədqiqatçıların apardığı son araşdırmalar göstərir ki, piramidanın yuxarı hissəsində yerləşən xüsusi dizayn edilmiş boşluqlar və struktur kameraları seysmik təkanları azaldan əsas amildir.
Bildirilib ki, zəlzələ zamanı yeraltından gələn güclü seysmik dalğalar bu boş mühitdə parçalanaraq dağılır. Nəticədə milyonlarla tonluq daş bloklara təsir edən dağıdıcı gərginlik və vibrasiya tikilinin mərkəzinə çatmadan yumşaldılır.
Həmçinin qeyd olunub ki, bu xüsusi kameralar olmasaydı, piramidanın yuxarı hissəsində toplanan daxili enerji onun min illər ərzində dağılmasına səbəb ola bilərdi.






