media-a2f95d1d-7819-48b7-9607-fb7538705a93

Zaqatala Rayon 14 nömrəli Yol İdarəsinin rəhbərliyi dəyişildikdən sonra bu idarədə xeyli qanun pozuntularının baş verdiyi iddia olunur. Hər halda, redaksiyamıza məktub ünvanlayan şəxs belə iddia edir.

İddiaya görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Zaqatala 14 nömrəli Yol İdarəsinin rəisi Süleyman Süleymanov vəzifəyə gəldiyi gündən idarənin bir çox işçisini kütləvi şəkildə işdən azad edib. Təqdim olunan səs yazılarında isə rəhbərin “Mən sizinlə işləmək istəmirəm, vəssalam!” dediyi iddia olunur.

Lakin iddialar bununla bitmir. Bildirilir ki, Süleyman Süleymanov sahə rəisi Ceyhun Barxalova xüsusi tapşırıqlar verərək idarənin texnikasını şəxsi mənfəət məqsədilə işlədir.

media-img_0539

İddia müəllifinin sözlərinə görə, bunu fotolar da təsdiqləyir. Belə ki, yol idarəsinin texnikası loqoları çıxarılmış vəziyyətdə işləyir. “Görəsən, niyə?” sualı da müraciətdə yer alıb.

İddia olunur ki, Süleyman Süleymanovun “Şans” adlı özəl şirkəti var. Həmin şirkətlə AAYDA-nın Zaqatala Rayon 14 nömrəli Yol İdarəsi arasında müqavilə bağlanıb və bu müqaviləyə əsasən yol idarəsi çaylarda bənd vurmaq işləri ilə məşğul olur. Həmçinin iddia edilir ki, şənbə və bazar günləri idarənin texnikası və fəhlələri qanunsuz olaraq şəxsi işlərdə istifadə olunur.

media-img_0538

Müraciətdə qeyd olunur ki, müqavilə yoxlanılarsa, cüzi məbləğin idarəyə ödənilməsi müqabilində böyük həcmli işlərin idarənin texnikası hesabına görüldüyü üzə çıxar. İddia müəllifinin sözlərinə görə, əsas qanunsuz işləri sahə rəisi Ceyhun Barxalov həyata keçirir. Bildirilir ki, o, bu günlərdə Balakən rayonunun Kortala kəndində 100 ton asfalt döşəyib.

İddialarda adı çəkilən digər şəxs isə sənədlərdə fəhlə kimi göstərildiyi, lakin mühasibat işlərini apardığı bildirilən Şəfəq Yunusovadır. Müraciətdə qeyd olunur ki, tabeldə maaşlar düzgün göstərilsə də, kartlara köçürülən məbləğlər fərqli olub. İddiaya görə, hər işçidən 2-3 manat tutularaq onun kartına köçürülüb. Bildirilir ki, məsələ üzə çıxdıqdan sonra bu əməllərə son verilib.

Bundan əlavə, müraciətdə Şəfəq Yunusovanın 67 yaşında olmasına baxmayaraq təqaüdə göndərilmədiyi də iddia olunur.

İddialarda adı keçən üçüncü şəxs isə kadrlar şöbəsinin müdiri Mirvari İskəndərovadır. Bildirilir ki, o, səhhətində ciddi problemi olan oğlu Fərid Rəcəblini idarədə fəhlə kimi işə düzəldib. İddiaya görə, Fərid Rəcəbli ürək xəstəsidir, işə gəlsə də, səhhəti buna imkan vermədiyi üçün fəhlə işi görə bilmir.

Sahə rəisi Ceyhun Barxalovun qısa müddət ərzində idarə müdirini əvəz etdiyi vaxt öz oğlunu bir neçə aylıq işə götürdüyü iddia olunur. Daha sonra bu barədə şikayət edildiyi, oğlunun adına bank kartı saxlanıldığı iddiası səsləndirildikdən sonra isə onun işdən azad edildiyi bildirilir.

Müraciətdə həmçinin qeyd olunur ki, Hidayət Əminov və Ömər Hüseynov çilingər ştatında çalışsalar da, əsasən şəxsi işləri ilə məşğul olurlar. İddia müəllifinin sözlərinə görə, onlardan biri çayxana işlədir, digəri də oxşar fəaliyyətlə məşğuldur. Həmçinin bildirilir ki, idarənin ləğv olunacağı ilə bağlı söhbətlər yayılandan sonra idarəyə məxsus texnikalar gecə-gündüz şəxsi işlərdə istifadə edilir. İddia olunur ki, texnikaların üzərində loqo olmadığı üçün bu hallar diqqət çəkmir.

media-img_0537

Müraciətdə qeyd edilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Zaqatala Rayon 14 nömrəli Yol İdarəsinin müdiri Süleyman Süleymanovun son bir illik fəaliyyəti ciddi araşdırılarsa, çoxsaylı qanun pozuntuları üzə çıxa bilər. İddia müəllifinin sözlərinə görə, rəhbər qərar qəbul edərkən nə qaziləri, nə azyaşlı övladı olan gənc anaları, nə də uzun illər idarədə çalışmış əməkdaşları nəzərə alır.

Bundan əlavə, iddia olunur ki, Süleyman Süleymanov hazırda bütün “çirkli işlərini” zavod rəisi Samir Ramazanovla birlikdə həyata keçirir. Müraciətdə qeyd edilir ki, bununla bağlı əlavə faktların yaxın günlərdə redaksiyaya təqdim olunacağı gözlənilir.

Mövzunun aktuallığını nəzərə alaraq, məsələ ilə bağlı yeni materiallarda digər iddialara da yer veriləcək.

Qeyd: Yazıda yer alan bütün məlumatlar mənbənin iddialarına əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Adekvat.az)

media-img_0540


Bənzər xəbərlər