Şəhərin mərkəzində gecə söküntüsü: Sakinlər etiraz edir - “Evlərimiz silkələnir, divarlarda çatlar yaranıb” - VİDEO
Nəsimi rayonu, Çay Fabrikinin yaxınlığında, Keykab Səfərəliyev küçəsi 26 ünvanında gecə saatlarında aparılan söküntü işləri ərazidə yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.
Sakinlərin “Real Azərbaycan”a verdiyi məlumata görə, söküntü işləri “No-Hom Rezident” adlı şirkət tərəfindən ağır texnikalar vasitəsilə həyata keçirilir. Onların sözlərinə görə, gecə saatlarında aparılan işlər 100-ə yaxın ailənin istirahət hüququnu pozur.
İddia olunur ki, ağır texnikaların işləməsi nəticəsində yaşayış binaları güclü şəkildə silkələnir, evlərin divarlarında çatlar əmələ gəlib, toz-torpaq isə mənzillərin içinə dolur.
Sakinlər bildirirlər ki, bəzi binalarla söküntü aparılan ərazi arasında məsafə cəmi 2-3 metr, digər hissələrdə isə 10 metrdən azdır.
Onların sözlərinə görə, ərazidə azyaşlı uşaqlar, yaşlılar və xəstə insanlar yaşayır. Gecə saatlarında davam edən səs-küy və titrəyiş insanlar arasında ciddi narahatlıq yaradıb.
Sakinlər bildirirlər ki, dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, məsələ ilə bağlı heç bir tədbir görülməyib.
Onlar aidiyyəti dövlət qurumlarından vəziyyətə təcili müdaxilə edilməsini və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsini xahiş edirlər.
“Şəhərin mərkəzində bu cür özbaşınalıq yolverilməzdir”, – deyə sakinlər bildirirlər.
“Real Azərbaycan” olaraq, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.






