media-mehkeme-kisi

Bakıda 39 yaşlı kişi mübahisə zəminində həyat yoldaşına xəsarət yetirib.

Patrul.az xəbər verir ki, hadisə onların birgə yaşadıqları fərdi evdə baş verib. 1987-ci il təvəllüdlü Ələddin həyat yoldaşı Məlahət (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında yaranmış şəxsi mübahisə zamanı o, əl zərbələri ilə həyat yoldaşının baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Ələddin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ələddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Məlahət ilə evlidir:

“Məlum hadisə günü, təxminən səhər saat 04:50-də yaşadığımız evə gəldim. Evə gec gəldiyim üçün həyat yoldaşımla aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşdim, əl zərbələri ilə onu bir neçə dəfə vuraraq döydüm”.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ələddin 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək yaşadığı evi tərk etməsi, habelə gün ərzində Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməsi qadağan olunub.

Bundan başqa, bu müddət ərzində ona elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. (Demokrat.az)


Bənzər xəbərlər