Adanada məktəbdə yaşayan “şagird” pişik hər kəsin sevgisini qazanıb
Türkiyənin Adana şəhərində maraqlı və eyni zamanda sevimli bir hadisə baş verib. Təxminən 3 il əvvəl yağışdan qorunmaq üçün bir məktəbə sığınan “Pakizə” adlı pişik həmin gündən etibarən məktəbin bir növ “şagirdi”nə çevrilib.
Patrul.az xəbər verir ki, məktəbdə çalışan müəllimlər və şagirdlər tərəfindən qorunan pişik artıq dərs prosesinin də bir hissəsinə çevrilib. Pakizə dərs vaxtı sinif otağına daxil olaraq şagirdlərin yanında oturur və sanki dərsləri dinləyirmiş kimi sakit şəkildə sinifdə qalır.
Tənəffüs vaxtı isə o da digər “şagirdlər” kimi həyətə çıxır və uşaqlarla birlikdə oynayır. Məktəb kollektivi bildirir ki, Pakizə bu müddət ərzində heç vaxt “dərsdən yayınmayıb” və daim məktəbdə olub.
Hətta zarafatla qeyd olunur ki, onun “karnesindəki” bütün dərslər “əla”dır. Sevimli pişik məktəbdə həm müəllimlərin, həm də şagirdlərin sevimlisinə çevrilib və artıq hamı onu məktəbin rəsmi “üzvlərindən” biri hesab edir.







