media-inshot_20251002_145018400

Oktyabrın 1-də Çempionlar Liqasının ikinci turu doğma meydanda “Qarabağ”ın Danimarkanın “Kopenhagen” üzərində 2:0 hesablı qələbəsi ilə nəticələndi. ÇL-nin hər iki mərhələsində cəmi 2 qol buraxan “Köhlən atlar” turnir cədvəlinin 6-cı yerində qərarlaşıb. Bu nəticə əvvəlki oyunda göstərilən uğurlu performansın davamı kimi dəyərləndirilir və komandanın Avropa arenasında mövqeyini daha da möhkəmləndirdi.

Maraqlıdır, bundan sonrakı oyunlarda “Qarabağ”ın taleyi necə olacaq?

Dünənki oyunu futbol eksperti Emin Abbasov Patrulaz.az-a şərh edərək bildirib ki, “Qarabağ”a inam “Benfika” üzərində qələbədən sonra daha da artıb. Buna görə də “Kopenhagen”ə qarşı “Köhlən atların” qalib gələcəyinə inam böyük idi:

“Qarabağın “Kopenhagen” üzərindəki qələbəsi Azərbaycan futbolu üçün çox möhtəşəm bir hadisədir. Çünki iki oyunda 6 xal toplamaq nə bizim üçün gözlənilən idi, nə də Avropa futbolunda kimsə bunu təxmin edə bilərdi. Başa düşürdük ki, “Kopenhagen”lə oyun o qədər də asan olmayacaq. Çünki “Benfika” matçından sonra şanslarımızı həddən artıq böyük görürdülər və hamıda bir özünəinam yaranmışdı. Elə düşünürdük ki, əgər “Benfika”nı məğlub etmişiksə, hər kəsə qarşı oynaya bilərik. Amma hər oyunun öz hekayəsi var, hər oyun fərqli alınır.

Çox şükür ki, “Qarabağ” bu oyunu da çox yaxşı səviyyədə keçirdi. Birinci hissə tamamilə bizim üstünlüyümüz şəraitində oldu. İkinci hissənin bir hissəsində rəqib üstünlüyü ələ keçirdi, amma sona qədər oyun intizamını qoruyaraq çətin dəqiqələrə tab gətirdik və qələbə qazandıq. Xüsusilə sevindirici hal odur ki, matçın ən yaxşı oyunçusu azərbaycanlı futbolçu Elvin Cəfərquliyev seçildi. Bu da bizə əlavə qürur verir”.

media-98201

E.Abbasov sözlərinə görə, Ağdam təmsilçilərini qarşıdakı dövrdə çətin oyunlar gözləyir. Ekspertin fikrincə, “Qarabağ” ümumilikdə daha 2 qələbə qazanaraq 12 xal toplaya bilsə, bu, komanda üçün böyük uğur hesab olunacaq:

“Ümumilikdə desək, bu, parlaq qələbədir. Təbii ki, bundan sonra daha çətin olacaq və biz bu tempdə hər matçı qazana bilmərik. Qarşıda çox çətin oyunlar var – “Napoli”, “Atletiko”, “Çelsi” və s. Müəyyən oyunlarda təbii ki, “Qarabağ” xal qazanmağa çalışacaq. Bu cəhdlərini davam etdirəcək.

6 xal Çempionlar Liqası turniri üçün az deyil. Əgər bundan sonrakı matçlarda heç olmasa daha 6 xal qazana bilsək, yəni 2 qələbə əldə etsək, hətta 12 xalla növbəti mərhələyə keçə bilərik. Əsas odur ki, “Qarabağ” bu qələbələrlə həm Azərbaycan futboluna diqqəti artırır, həm büdcəsini maliyyə baxımından gücləndirir, həm də ölkə futboluna reytinq xalları qazandırır. Bütün bunlar Azərbaycan futboluna diqqəti və önəmi daha da artırır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər