media-638177834302439445-hizli-sarj

Enerji saxlama texnologiyalarında inqilabi sıçrayış baş verib.

Patrul.az xəbər verir ki, avstraliyalı mütəxəssislər tərəfindən hazırlanan ye­ni nəsil kvant batareyası prototipi elektrikli cihazların şarj prosesini saniyənin kiçik bir hissəsinə qədər endirməyə nail olub.

Melburn Universiteti, RMIT Universiteti və CSIRO-nun (Elmi və Sənaye Tədqiqatları Birliyi) birgə əməkdaşlığı ilə aparılan tədqiqat enerji sektorunda yeni eranın başlanğıcı hesab olunur.

“Light: Science & Applications” jurnalında dərc olunan nəticələrə görə, kvant batareyaları ənənəvi litium-ion batareyalardan fərqli olaraq kimyəvi reaksiyalarla deyil, kvant mexanikasının “superabsorbsiya” prinsipi əsasında işləyir.

Tədqiqatın ən diqqətçəkən məqamı kvant batareyalarının qeyri-adi şarj xüsusiyyətidir. Klassik batareyalarda tutum artdıqca şarj müddəti uzandığı halda, kvant texnologiyasında bunun tam əksi müşahidə olunur. Batareyanın ölçüsü və molekulyar quruluşu böyüdükcə enerjini udma sürəti daha da artır.

RMIT Universitetinin tədqiqatçısı Daniel Tibbenin sözlərinə görə, bu sistem ultra sürətli lazer texnologiyası vasitəsilə enerjini tək bir impuls şəklində udaraq demək olar ki, ani dolma qabiliyyətinə malikdir.

Mütəxəssislər hesab edirlər ki, bu texnologiya gələcəkdə elektromobil sənayesini kökündən dəyişə bilər. Belə ki, bu batareyalar sayəsində nəqliyyat vasitələrinin şarj olunması yanacaqdoldurma məntəqələrində avtomobilə yanacaq doldurmaqdan daha sürətli həyata keçiriləcək.

Lakin texnologiyanın gündəlik istifadəyə, xüsusilə smartfon və məişət cihazlarına tətbiqi üçün hələ zamana ehtiyac var.

Hazırda alimlər enerjinin saxlanma müddətinin artırılması və kvant vəziyyətinin sabitliyinin təmin olunması istiqamətində araşdırmaları davam etdirirlər.


Bənzər xəbərlər