“Azad olunmuş ərazilərin bərpası birbaşa olaraq ölkə başçısının diqqət mərkəzindədir”- ŞƏRH
“Azərbaycan Prezidenti cənab İlham Əliyev son illərdə işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edir. Bu gün ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə Qarabağ bölgəsinə səfəri və səfər çərçivəsində bir çox obyektlərin təməlqoyma mərasimi, tikintisi ilə yaxından tanış olmaları mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.
O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi zəfərindən sonra işğaldan azad olunmuş ərazilərdə sıfırdan, sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir: “Bu layihələr tamamilə müasir standartlara uyğun şəkildə aparılır. Eyni zamanda bütün quruculuq işləri Azərbaycan dövlətinin öz imkanları hesabına həyata keçirilir.
Azərbaycan Prezidentinin bu istiqamətdə həyata keçirdiyi böyük layihələr, azad olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi, 1000 kilometrlərlə müasir və geniş yolların çəkilməsi, sosial obyektlərin tikintisi, yaşayış binalarının istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Bununla paralel olaraq Azərbaycan dövləti Böyük Qayıdış prosesini başladıb və indiyə qədər on minlərlə vətəndaşımız öz doğma yurdlarına qayıdır və dövlətin onlara verdiyi müasir evlərdə yerləşdirilir. Bununla da işğaldan azad olunmuş ərazilərimizə yeni həyat gəlir.
Prezident ilham Əliyev və birinci xanım Mehriban Əliyeva yenidənqurma və bərpa prosesi ilə vaxtaşırı tanış olmaq üçün azad olunmuş ərazilərə səfər edir, görülən işlərlə yerindəcə tanış olurlar. Azad olunmuş ərazilərin bərpası birbaşı olaraq ölkə başçısının diqqət mərkəzindədir”.